AZƏRBAYCANDA XEYRİYYƏ VƏQFLƏRİ

0

Azərbaycanda xeyriyyəçilik ənənələrinin tarixi olduqca qədimdir.

Əhalisinin əksəriyyəti  müsəlman olan millətimizin şərəfli tarixinə nəzər saldıqda müqəddəs dinimizin gətirdiyi  dəyərlər içərisində xeyriyyəçilik ənənələrinin qorunub saxlanılmasında və mühafizə  olunmasında vəqflərin ayrıca xidmətləri olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyəti  illərində həqiqi inanc adamlarının sosial-iqtisadi durumunun müəyyən edilməsi milli  hakimiyyətin dövlət  siyasətinə çevrilmişdir. Milli hökumət bu sahədə  müntəzəm olaraq  tədbirlər həyata keçirərək gerçək din adamlarının sevgisini və etibarını qazana bilmişdir. Xalq Cümhuriyyəti illərində mövcud hökumət vəqf mülklərinin idarə olunması, dini vergilərin, sədəqə və ianələrin toplanmasına heç bir müdaxilə etmirdi.  Belə mühüm sahələr  hökumət   tərəfindən din xadimlərinin ixtiyarına verilmişdi. Azərbaycan Xalq  Cümhuriyyəti  tarixində milli hakimiyyət bütün vəqf mülklərinin dövlət  qeydiyyatına  alınmasına  cəhd etmişdi.

Bolşevik rus və milli dönüklərin işğalı nəticəsində müsəlman ruhanilərinin vəqf  mülkləri müsadirə olundu. Bununla da ölkə ruhaniliyinin sosial-iqtisadi vəziyyəti çətin duruma düşdü. Azərbaycanda hələ xanlıqlar çağında ruhanilərlə yanaşı xalqın kasıb təbəqəsinin iqtisadi vəziyyəti vəqf mülklərindən əldə olunan gəlirlər hesabına yüksəlmişdir. Belə bir şəraitdə hətta ali ruhani zümrənin təmsilçiləri bəylərlə, ağalarla eyniləşirdi. Ali təbəqədən olan ruhanilərə  xanlar  tərəfindən xüsusi  imtiyaz vəsiqəsi  verilirdi. Həmin illərdə  Fətəli xan tərəfindən Hacı Çələbi Əfəndiyə verilmiş təliqədə deyilirdi: “Hörmətli cənab, yaxşı axund, xeyirxah insan, atam  yerinə  hesab etdiyim Hacı Çələbi Əfəndi! Sizin məktubunuzu aldım… Məktubunuzda Taxta Körpü qışlağı haqqında  yazırsınız… Mənim bütün mülklərim  sizindir, sizdən heç nə əsirgəmərəm. Siz Taxta Körpü qışlağını istəyirsiniz və mən onu sizə əbədi olaraq bəxş edirəm və heç kəs ona toxunmağa cürət edə bilməz”. Axirətini öz malı və mülkü hesabına qazanan millətimizin yüzlərlə belə örnək zəngin kişilərini bu  gün də rəhmətlə  anırıq. Vəqfin lüğəvi mənası “qoruyub saxlamaq”, hüquq mənası isə “əmlakın saxlanılması və mənfəətin qaydaya salınması” deməkdir. Həmin dövrdə vəqf  mülklərinə ayrı-ayrı kəndlər, torpaq sahələri, bağlar, evlər,  dükanlar, hamamlar, daxil idi. Məhz orta əsrdə vəqflər  hesabına çoxlu məscidlər, mədrəsələr və məktəblər inşa edilirdi. Azərbaycanda orta əsrlərdə  minlərlə alim, filosof, şair, yazıçı və həkim  vəqflərin gəliri  hesabına fəaliyyət göstərən elm  mərkəzlərinin layiqli  yetirməsi olmuşlar. Həmin zamanda bir sıra kənd və şəhərlərdə vəqf əmlakından bəhrələnərək yoxsul təbəqənin ehtiyacları naminə pulsuz olaraq hamamlar, su anbarları, böyük  yol ayrıclarında isə körpülər və  karvansalar yoxsulların ixtiyarına hədiyyə olaraq verilmişdir. Orta əsr Azərbaycan mədəniyyəti və elminə nəzər saldıqda vəqflərin  gəlirləri hesabına xeyli sayda təhsil ocaqlarının dirçəlişinə səbəb olduğuna şahid olmaqdayıq. Nəsrəddin Tusinin səyi nəticəsində Marağa rəsədxanası, Qazan xan tərəfindən təsis edilən Təbriz rəsədxanası, Səmərqənddə yaradılan Uluğbəy rəsədxanası və II Sultan Murad  tərəfindən İstanbulda inşa edilən rəsədxana vəqf əmlakından toplanan gəlirlər hesabına xidmət göstərmişdir. Vəqf mülkiyyətindən ictimai əhəmiyyətiylə təkcə inanc adamları deyil, həm də həmin dövrdə cəmiyyətin digər üzvləri də bütünlüklə  faydalana bilmişlər. Orta çağda islami hökmlərə görə vəqf haqqında islami qaydalar bərabər hüquqla xristan və yəhudi məbədlərinin vəqf torpaqlarına da aid edilirdi. Bununla bağlı zamanın müctəhidi Mirzə Mehdinin 1812 ci ildə imzaladığı fətva mövcuddur. Burada  zəruri qeyd etməliyəm ki, mübarək dinimizin mərhəmət və sevgi dəyərlərinə müdrik xalqımızın əsrlər boyunca  sadiqliyinin, vəfasının sübutunu görməkdən  qürur  duymaqdayam. Ölkəmizin  ərazisində tarixən onlarla müqəddəs ziyarətgahlar mövcud olmuşdur. Əksər hallarda belə müqəddəs  qəbul edilən məkanlarda mübarək insanların, seyyidlərin, şeyxlərin qəbirləri yerləşmişdir. Qədir bilən, Əhli-Beytə vəfada sadiq olan müsəlman əhalimiz yüz illərdir ki, müqəddəs və toxunulmaz qəbul etdikləri belə ünvanları ziyarət etməklə öz mənəvi duyğularını  qidalandırmaqdadır. Hələ xanlıqlar zamanında vəqflərin gəlirləri hesabına belə müqəddəs qəbirlərin yanında müridlərin yaşaması və qəriblərin rahat gecələmələrindən ötrü xüsusi binalar inşa edilərək xalqa ərməğan edilmişdir. Belə ən böyük  vəqflərdən biri 7-ci imam Əli  Rzanın bacısının qəbri olan Bibi Heybət məqbərəsinin vəqfi sayılırdı. Bibi Heybət məqbərəsi   vəqfinin  yerləşdiyi  ərazi  böyük  torpaq  sahələri, otlaqlar, Şıx kəndində 3 neft  quyusu, Zığ  kəndində bağlar və s. bu vəqfə  məxsus idi. Bu məqbərənin və vəqfin başçısı Şeyx Bünyad nəslinin bu vəqfin gətirdiyi qazancın yarısından istifadə etmək hüququ vardı. Gəlirin yarısı isə Bibi Heybət məscidinə xərclənirdi. Qubalı Fətəli Xan burada dəfn olunduqdan sonra vəqfin     torpaq sahələri daha da genişləndi. Belə olduqda vəqfin mütəvəllisi toxunulmaz elan edildi. Azərbaycanda məşhur vəqflər arasında Bakı yaxınlığında Şeyx Əbu Səid məqbərəsi də böyük vəqflərdən sayılırdı. Qarabağ xanlığında ən böyük vəqf Cövhər Ağa vəqfi qəbul edilirdi. Belə ki, Qarabağ xanı İbrahim Xanın qızı Cövhər Ağanın tikdirdiyi Cövhəriyyə məscidinə məxsus  olan 4 kənd  mövcud idi. Gəncə xanlığında “İmamzadə” vəqfi, Təbriz  xanlığında Seyid İbrahim, Seyid Həmzə, Sahibul Əmir, Eynalı-Zeynalı və digər məşhur ziyarətgahların ixtiyarında xeyli vəqf mülkləri vardı. Bu gün ölkəmizdə dövlətimiz tərəfindən xeyriyyəçilik  ənənələrinin, milli və mənəvi irsimizin mühafizə olunması sevindirici haldır. Son illər tarixi müqəddəs memarlıq abidəsi sayılan binaların dövlət qayğısıyla yüksək səviyyədə təmir  edilməsi dövlətimizin xalqımızın keçmişinə göstərilən hörmətin əlamətidir.     

Qeyd: yazıda göstərilən faktlar R. Hüseynlinin “Azərbaycan Ruhaniliyi” əsərindən götürülmüşdür.         

SEYİD CAMAL ƏZİMBƏYLİ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMIN DÖYMƏ VƏ PLASTİK ƏMƏLİYYATA BAXIŞI

İslam dini insana xüsusi yer verməklə yaradılış qayəsindən başlayaraq insanla bağlı dünya həyatından ölüm və sonrakı həyat, fərdi yaşayışından sosial...

Bağla