“Azərbaycanın Qarabağda qazandığı zəfərdə Türkiyə hərbi sisteminin və hərbi sənayesinin tətbiqi önəmli rol oynadı və bu uğur bütün Türk dünyasında bir canlanma yaratdı, türk dövlətlərinin birliyini gücləndirdi”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib.
2016-cı ildə baş verən hərbi çevrilişə cəhddən sonra Türkiyənin hərbi müdafiə sənayesində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xatırladan mütəxəssis deyib ki, son illərdə ABŞ-ın Türkiyəyə qarşı hərbi sanksiyalar tətbiq etməsi də “pis qonşu bizi ev sahibi etdi” prinsipi ilə ölkəsinə bu sahədə xeyli nailiyyətlər qazandırıb:
“Qərb və ABŞ 1960-cı illərdən etibarən zaman-zaman Türkiyəyə qarşı hərbi sanksiyalar tətbiq edib. Bunun ən bariz nümunəsi 1974-cü ildə Kıbrıs Barış Hərəkatı zamanı sanksiya tətbiq olunmasıdır. Odur ki, 1975-ci ildən başlayaraq ölkəmiz hərbi sənaye sahəsində əhəmiyyətli inkişaf mərhələsinə keçib. Amma son illərdə ABŞ-ın Türkiyəyə “F-16” döyüş təyyarələri satışını dayandırması, Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini (ZRK) alması, bundan sonra Türkiyənin NATO üçün önəmli olmaması ittihamları, ABŞ-ın Türkiyəni “F-35″’ qırıcılarının istehsalı proqramından çıxarması və bu kimi bəhanələrlə hərbi sanksiyaların tətbiqi dövlətimizin hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə uğurlar qazanmasına səbəb oldu. Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn bir gücə çevrildi. Müdafiə sənayesi sahəsində “Akıncı”, “Hürkuş”, “Singur”, “Aksungur” kimi adlar adətən dünyada bir marka olaraq tanınmağa başlandı. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri xüsusilə zirehli personal daşıyıcı (ZPT), tank və raket sektorlarının milli sərmayələri və yerli istehsalatları ilə də məşğul oldu. Bu sahələrdə gələcəyin mühüm tədarükçüsü ölkəsi olmağa namizəd olan Türkiyə gündən-günə azalan xarici asılılığı ilə diqqət çəkir. Yaxın gələcəkdə yerli, yəni milli döyüş təyyarələrini sahəyə buraxmağa hazırlaşan və işlərini sürətlə davam etdirən Türkiyə, başda “F-16” döyüş təyyarələri olmaqla ABŞ-dan asılılıqdan böyük ölçüdə xilas olacaq, hətta bu sahədə dünyanın aparıcı ölkələrindən birinə çevriləcək”.
İsmail Çingöz deyib ki, bu fəaliyyətləri ilə Türkiyə və Azərbaycanın öndərliyində Türk Dövlətləri Təşkilatı (TDT) yeni dünya sisteminin üçüncü qütbünə çevrilə bilər
“Türkiyənin havadan müdafiə sistemi başda olmaqla müdafiə sənayesi sahəsində yerli və milli istehsalını gücləndirməsi və yeni inkişaf mərhələsinə qədəm qoyması dövlətimizi dünyada qlobal gücə çevirməkdədir. Bu baxımdan Türkiyə təkcə özünün deyil, bütün türk dünyasının qarantı olub. Bu mərhələdə Türkiyə və Azərbaycan arasında imzalanan hərbi müqavilələr, Azərbaycan ordusunun Türkiyə ordusu ilə eyni konseptlə dizayn edilməsi əhəmiyyətli bir addım oldu. Əlbəttə, bu müttəfiqliyin digər türk dövlətlərinə də tətbiq olunması türk dünyasının gücünü artıracaq. Təkcə hərbidə deyil, digər sənaye sahələrində, iqtisadiyyat, texnologiya, təhsil, elm, dil, tibb, kənd təsərrüfatı və bu kimi mühüm sahələrdə birgə fəaliyyət türk dünyasına böyük töhfə verəcək. Bu baxımdan TDT-nin 2040 baxışını yetərincə dəyərləndirmək də türk dünyasının gücünə güc qatacaq. Biz türkün dünya liderliyində yer almasına inanmalıyıq və bu strategiya üzrə hərəkət etməliyik”.