Son günlərdə Ermənistan ordusunun Azərbaycanla atəşkəs rejimini pozaraq cəbhəboyu əraziləri, xüsusi ilə mülki şəxləri hədəf alması ilə bağlı hadisələrə Türkiyə “Əziz Mahmud Hüdayi” vəqfinin fəxri başqanı, Azərbaycanda onlarla kitabı tərcümə edilən və sevilərək oxunulan, könül insanı möhtərəm Osman Nuri Topbaş əfəndi öz münasibətini bildirib. Osman Nuri Topbaş əfəndi, Azərbaycana qarşı edilən hücumu qınayaraq hər zaman ortaq mirasa, dəyərlərə və tarixi keçmişə sahib Azərbaycanın bu haqlı mübarizəsində yanında olduqlarını, azərbaycanlı qardaşları üçün dua etdiklərini ifadə edib.
Sözlərinə şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa və Azərbaycan xalqına başsağlığı verərək başlayan möhtərəm Osman Nuri Topbaş əfəndi “Eyni dini, milli və tarixi köklərə sahib Türk qardaşları olaraq Azərbaycan ilə sevincli və kədərli anlarında tək ürək olan “iki dövlət, bir millət” düsturu ilə yaşayırıq”,– deyə əlavə edib.
Osman Nuri Topbaş əfəndi, həmçinin aşağıdakı fikirləri qeyd edib:
Mübarək qurban bayramının xüsusiyyəti olan qurbanlar kimi bu günlərdə şəhid olanlar, inşallah gələcək gözəl günlərin müjdəçisi olacaqdır.
Bu gün bir toxum kimi vətən torpağına düşən şəhid qanının hər damlası, inşallah böyük səmərələr verəcəkdir. İllərdir işğal edilmiş Qarabağ torpağında yenidən Azərbaycan bayrağı dalğalanacaq və səmalarında əzan sədaları yüksələcəkdir.
Rəbbimiz, azərbaycanlı qardaşlarımızı bütün şərlərdən mühafizə etsin!
Şəhid olan qardaşlarımıza rəhmət, imanlı ordularımızı müzəffər etsin!
Allah birlik, bərabərlik və qardaşlığımızı daim etsin.!
Amin!..
Osman Nuri Topbaş