Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində Belçikanın Antverp şəhərində “Türkiyə Azərbaycan Əlaqələri və Ermənistan Problemi” mövzusunda konfrans keçirəcəkdir.
Konfrans Antverp şəhərindəki Türk mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gəncliyə Yardım Fondu Türkiyənin “Beynəlxalq Əməkdaşlıq və İnkişaf ” Dərnəyi və Belçika Türk Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutacaq.
Tarixi həqiqətləri avropa insanına və yetişməkdə olan gənc nəsilə çatdırmaq üçün tədbirdə Türkiyə Nişantaşı Universitetinin müəllimi beynəxlxalq əlaqələr üzrə mütəxəssis Prof.Dr. Ragıp Kutay Karaca, Azərbaycan Xəzər Universitetinin müəllimi tarixçi-yazar Dr.Telman Quliyev, Gəncliyə Yardım Fondunun layihə koordinatoru Namiq Sərdarlı və UKİD Avrupa koordinatoru Səlahəttin Saygın çıxış edəcək. Konfransda rəsmilər, qeyri hökumət təşkilatlarının nümayəndələri, tələbələr və mətbuat nümayəndələri iştirak edəcək. Tədbir iştirakçılarına ingilis və türk dillərində tarixi həqiqətləri özündə əks etdirən məlumat broşurları paylanacaq.
Qeyd edək ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Layihə erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə həyata keçirilir.