“AZAD ŞUŞADA, AĞDAMDA NAMAZ QILMAQ QÜRURVERİCİDİR”

0

Oktyabrın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin nüfuzlu ali təhsil ocaqlarından sayılan İbn Haldun Universitetinin Himayəçilər Şurasının sədri professor dr. İrfan Gündüzün başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Şeyxülislam İstanbulda olarkən İbn Haldun Universitetində keçirdiyi görüşü məmnunluqla xatırladığını bildirib, təhsil ocağının tələbə-müəllim heyətinə salam-dualarını çatdırmağı xahiş edib.

QMİ sədri Allahşükür Paşazadə gələn ay Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində keçiriləcək Dini Liderlərin Qlobal Sammiti barədə ətraflı məlumat verib, tədbirdə qardaş Türkiyənin geniş nümayəndə heyəti ilə iştirak edəcəyini bildirib.

Şeyxülislam həzrətləri qonaqlara erməni işğalından azad edilən ərazilərimizdə aparılan böyük quruculuq işləri, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən və bərpa edilən dini abidələr haqqında danışıb.

Səmimi qarşılanmaya görə təşəkkür edən İbn Haldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz ölkəmizə ötən səfəri zamanı Şuşada, Ağdamda olduğunu, ermənilərin törətdiyi vəhşilikləri öz gözləri ilə gördüyünü, tarixi zəfərdən sonra bərpa edilən məscidlərdə namaz qılmaqdan qürur duyduğunu bildirib, Qarabağa səfərinə yaratdığı şəraitə görə Şeyxülislam həzrətlərinə minnətdarlıq ifadə edib. 

Prof. Dr. İrfan Gündüz nümayəndə heyətinin Azərbaycana növbəti gəlişi, keçirilən görüşlər barədə məlumat verib, türk əsilli tanınmış futbol ulduzu, dünya çempionu Məsud Özülin Futbol Akademiyası yaratmaq fikrində olduğunu, azərbaycanlı istedadlı gənclərin də akademiyaya cəlb olunacağını vurğulayıb.

Görüşdə maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb, xatirə fotosu çəkilib.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ ŞİMŞƏK ÇAXIB, LEYSAN YAĞIB

Azərbaycanda bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki,...

Bağla