Türkiyənin nüfuzlu futbol klublarından olan “Trabzonspor”un ingiltərəli baş məşqçisi Eddi Nyuton, İslam dinini qəbul eməsi barədə danışıb.
Klubun jurnalına müsahibə verən Nyuton, azan səsinin ona çox təsir etdiyini deyib.
“… Bəlkə də mənə ən çox təsir edən hadisə qohumumun toyunda baş verdi. Toyun keçirildiyi yerin yaxınlığındakı məsciddən azan səsi eşitdim. Bu səsi ilk dəfə eşidəndə çox duyğulandım və ağladım. Bundan sonra daxilimdə nəsə hiss edirdim. Amma atamla anam katolik olduqları üçün və ailəmizdə də heç müsəlman olmadığı üçün bu barədə qərar vermək, böyük addım sayılırdı. Təbii ki, belə bir qərar atamla anamda böyük bir xəyal qırıqlığı yaradacaqdı.
Həyat yoldaşıma suallar verdim, qohumlarıma və ətrafımda olanlara suallar verdim. Müsəlmanlıq barədə mütaliə etdim və mənə məlumat verən insanlara suallar verdim.”
Eddi Nyuton müsahibəsində, İslam dinini qəbul etməsi prosesi barədə də danışıb:
“Mənə xoş təsir edənlərdən biri də odur ki, İslam dinində verdiyiniz bütün sualların cavabını tapa bilirsiniz. Bir gün avtomobillə gedərkən yolun kənarında saxladım və mənə İslam dini barədə danışan dostuma zəng vuraraq, o gün bu gündür. İslamı qəbul etmək istəyirəm – dedim və sonra da müsəlman oldum.” – deyə Nyuton bildirib.