İmtahan dünyasında yaşayan insana Allah bütün lazımi təməlləri, səbəbləri, bacarıq və istedadları bəxş edib. İnsan bədəni bu təməllərdən birisidir. “Bədən nədir?” sualının cavabını maddələr halında izah edək.
- Bədən nemətdir.
İnsan bədəni Allahın insana verdiyi ən böyük nemətlərdən biridir. Bədənimizi düzgün şəkildə qorumaq və ona ehtiram göstərmək həm dini, həm də mənəvi bir vəzifədir. Rəbbimiz belə buyurur; “Biz ona iki göz vermədikmi?! Habelə, bir dil və iki dodaq (vermədikmi)?!” (Bələd 8-9). Bu ayələr insana öz bədəninin və orqanlarının böyük nemət olduğunu düşündürür.
- Bədən əmanətdir.
Uca Allah insana bədəni bir əmanət olaraq verib və vaxtı çatanda geri alacaq. Bu barədə Rəbbimiz belə buyurur; “Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər” (Bəqərə 156). Öz bədəni ilə bağlı olaraq, insanın özünüdərk və özünü qəbul etməsi vacibdir. İnsan ana bətnində ikən Allah tərəfindən ona ruh üflənir və bədən cana gəlir, elə bu zaman ruh əmanəti ilə bədən əmanəti birləşir, sonra zamanı gələndə ayrılırlar.
- Bədən zinətdir (gözəllikdir).
Rəbbimiz belə buyurur; “Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq” (Tin 4). Bu o deməkdir ki, insan həm bədəni, həm də ruhi baxımından gözəldir. Bunun dəlili olaraq başqa bir ayəni də misal gətirək; “Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir? O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni nizama saldı” (İnfitar 6-7). Bir başqa ayədə qadınların bədənləri haqqında bizə xəbər verən Rəbbimiz; “Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər” (Nur 31)” – buyurur.
- Bədən vasitədir.
Allah insanı özünə ibadət üçün yaratdı. Bu səbəblə Rəbbimiz, insanın bədənini ibadət üçün ən əlverişli biçimdə dizayn etdi. Amma bədən sadəcə bu dünyada ibadət edəcək şəkildə bizim xidmətimizə verildi. Bu barədə Rəbbimiz belə buyurur; “Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən (dünyada) səcdə etməyə dəvət olunurdular” (Qələm 68). Bu ayədən anlayırıq ki, bədənimiz ibadət etmək üçün bizə verilən bir vasitədir.
Bədənimizin sağlam və düzgün çalışması üçün ona lazım olan qayğı və sevgini göstərməliyik. Yuxarıda qeyd edilən xüsuslar göstərir ki, insan üçün bədən, bir sahildən digər sahilə keçən insanın istifadə etdiyi qayıq kimidir. Hansı ki bu “qayıqdan” dünya sahilindən – doğumdan axirət sahilinə – ölümə qədər istifadə edirik. Sonra başqa qayıqlar bizi gözləyir.
Rəşad Manafov