BƏHREYNDƏ “İSLAM – İSLAM DİALOQU” KONFRANSI KEÇİRİLİR

0

Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə Bəhreyn krallığının paytaxtı Manamada “Bir ümmət, bir tale” şüarı altında İslamdaxili Dialoq Konfransı öz işinə başlayıb.

Əzhər Əl-Şərif, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurası və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransda İslam dünyasının  tanınmış sünni və şiə məzhəblərinin üləmaları, mərceyi-təqlidləri, alim və mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edirlər.

QMİ sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü Şeyxülislam A. Paşazadə mötəbər konfransın himayədarı – Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə ilə Konfrans şərəfinə qəbul mərasimində görüşüb və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Kral həzrətlərinə çatdırıb. Ümmətimiz üçün belə bir tarixi əhəmiyyətli mötəbər toplantının ərsəyə gəlməsində ali dəstək və himayəsinə görə Bəhreyn dövlətinin başçısına öz dərin minnətdarlığını ifadə edib.

Bəhreyn Konfransının açılış mərasimində Malayziyanın Baş Naziri Ənvər İbrahim, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hüseyn Brahim Taha, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə, Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdülsəlam, İƏT-in sabiq Baş katibi Ekmələddin İhsanoğlu, müsəlman dünyasının bir sıra görkəmli din, dövlət və ictimai xadimləri çıxış etdilər.

Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edib.

Şeyxülislam A. Paşazadə İslam dünyası daxilində vəhdətimizi gücləndirmək kimi Uca Allaha xoş gedən bir məramla Manamada toplanmış mötəbər cameənin İslamdaxili həmrəyliyin təmin olunması naminə İslam-İslam dialoqu, məzhəblərarası anlaşma istiqamətində vəsətiyyənin tətbiqi, müqəddəs dinimizin mötədil dəyərlərinə istinad yönündə birgə səylərini yüksək dəyərləndirmişdir.

QMİ sədri Şeyxülislam A. Paşazadə öz çıxışında Azərbaycanda İslamdaxili dialoqun uğurla qurulduğunu və real müsbət nəticələr verdiyini qürurla vurğulamış, ölkəmizin məzhəblərarası anlaşma sahəsində örnək təcrübəsi barədə Bəhreyn forumunun iştirakçılarına ətraflı məlumat verib: “Vətənim Azərbaycan tarixən müxtəlif məzhəblərin mövcud olduğu olkə olmuşdur. Bu gün müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi yaşanmaqdadır. Hər biriniz Azərbaycana təşrif buyuraraq bəhs etdiyim həyat tərzini müşahidə edə bilərsiniz. Dünyada analoqu olmayan haldır ki, dini mərkəzin fətvasına əsasən vahid təqvim üzrə Azərbaycan məscidlərində azanlar bir vaxtda verilir, məscidlərdə eyni vaxtda birgə namaz qılınır, eyni imama iqtida edilir. Şiələr və sünnilər dini bayram və mərasimlərdə, Məhərrəmlik dönəmində, Aşura təziyələrində bərabər iştirak edir, mübarək Qurban bayramı və Ramazan ayı vahid təqvim üzrə eyni günlərdə keçirirlər. İslam müqəddəslərinə, səhabələrə həqarət edilməsini dövlətimiz nifrət nitqi olaraq qanunla qadağan etmişdir. Bu müdrik dövlətçilik siyasəti xalqımızın Ulu Öndəri Heydər Əliyevin irsidir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, Zati-aliləri İlham Əliyev cənabları İslami həmrəylik ideyalarının dünya miqyasında fəal müdafiəçisi və beynəlxalq müstəvidə islamofobiya əleyhinə daim qətiyyətlə çıxış edən siyasi liderdir”.

Şeyxülislam A. Paşazadənin Azərbaycanın İslamdaxili dialoq sahəsində nailiyyətləri barədə fikirləri Bəhreyn konfransında olduqca böyük maraq doğurmuş, alqışlarla qarşılanmışdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hüseyn Brahim Taha, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə və b. ilə görüşlər keçirmişdir.

Fevralın 19-da Qazaxıstan Parlamenti Senatının sədri, Astana Qurultayları Katibliyinin rəhbəri Maulen Aşimbayev Şeyxülislam A.Paşazadə ilə görüşərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzası ilə bu ilin sentyabrında Astanada keçiriləcəkDünya və ənənəvi din liderlərinin VIII Qurultayına dəvət məktubunu QMİ sədrinə təqdim etmişdir. Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam A. Paşazadəyə növbəti qurultayın formatı barədə məlumat verilmişdir.

Konfrans öz işini davam etdirir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLKƏNİN ƏKSƏR YERLƏRİNDƏ QAR YAĞIR

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər yerlərində qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib...

Bağla