Tez-tez qarşılaşdığımız bu iki kəlmə bənzər mənalar daşısa da, bir-birindən fərqlənir. Gəlin məsələyə Quran ayəsi ilə başlayaq: “De: “Mən də sizin kimi bir bəşərəm” (Fussilat 6). Bu və bənzər ayələrdə izah olunan həqiqətə diqqət etdiyimizdə görərik ki, Peyğəmbər aleyhissalam əfəndimiz özünü tanıdarkən, “mən də sizin kimi bir bəşərəm” demişdir, “mən də sizin kimi bir insanam” deməmişdir. Çünki Peyğəmbər aleyhissalam əfəndimiz bəşəri vəsiflər və xasiyyətlər baxımından digər insanlarla, hətta müşrik və kafirlərlə eyni idi. O da, yemək yeyib su içən, danışan, evlənən, başqa insanlar kimi ünsiyyət quran bir bəşərdir. Amma insani vəsiflər baxımından onun başqa insanlardan fərqli cəhətləri vardır (Kəhf 110). Bütün peyğəmbərlər öz xalqlarına “biz də sizin kimi bir bəşərik” demişlər (İbrahim 11). Hər bir insanda həm bəşəri, həm də insani xüsusiyyətləri vardır. Bəs, o zaman, bəşəri və insani xüsusiyyətlərimiz nələrdir? Bu suala qısaca belə cavab verə bilərik. Bəşəri Allaha bağlayan və onu ucaldan vəsiflərə insani vəsiflər deyilir. Vəhy, hikmət, ilham, elm, irfan, dərin şüur, ihsan duyğusu kimi bir çox vəsflər insana məxsusdur. Bəşərin bu dünyada yaşamasını təmin edən xüsusiyyətlərə (yemə, içmə, evlənmə..) bəşəri vəsiflər deyilir. Bir çox hallarda insani vəsifləri itirən bəzi insanlar öz həyatlarını təkcə bəşəri vəsiflərlə davam etdirmək məcbiriyyətində qalırlar. Allah Quranda bu cür insanların hallarını tez-tez xatırladır (İsra 11, 67, 83; Kəhf 54; Adiyat 6;). Adəm peyğəmbərə ilahi ruh üfləndiyi zaman onun “bəşərlikdən insanlığa” keçməsi, həmçinin mələklərin ona hörmətlə səcdə etmələri hadisəsi baş verdi (Hicr 29). Ana bətnində insana ruh üfləndikdən sonra ona insani vəsflərin (idrak, bəsirət, duyğu..) verilməsini ifadə edən ayələrdən (İnsan 2; Mülk 23; Nəhl 73) bizə aydın olur ki, bu duyğular ruhu olan varlıqlara məxsusdur. İlahi (sultani-ali) ruh daşıması baxımından əvəzsiz varlıq sayılan insanın yer üzərində ilahi xəlifəliyi haqqı ilə davam etdirməsi üçün sözün əsl mənasında insan olması lazımdır. Mükəmmələşmə yolunda irəliləməsi asan olsun deyə Allah ona sayılmaz nemətlər, qabiliyyətlər, istedat və biliklər vermişdir. Bütün bunları yox sayaraq, hətta inkar və üsyan edərək, təkcə bəşər olmağı seçən insanlar haqqında Rəbbimiz “insan zalim və nankordur” (İbrahim 34) buyurur. Zalim və nankor olmaq istəməyən insanları Rəbbimiz öz ağıllarını istifadə etməyə və doğru dolu tapmağa dəvət edir (Ənam 104).
Rəşad Manafov