BƏŞƏRİ BİLİKLƏRİN MƏNBƏYİ

0

Kainatı tanımaq (öyrənmək, xəbərdar olmaq) istəyi insanın təbiətində mövcuddur. Ondan xəbərsiz olmağın heç bir əsası və dəlili yoxdur. Qurani-Kərim bizə içində yerləşdiyimiz kainatı üç səbəbə görə öyrənməyin zərurətindən danışır:

Birinci – Bu kainatı Allah Təalanın mövcudluğuna dəlalət etdiyi üçün öyrənməliyik: Biz daima hərəkət halındayıq. Ay yerin ətrafında tam dövrə vurarkən, yer də bu qalaktikada yerləşən digər göy cisimləri ilə birlikdə günəş ətrafında hərəkət edərək missiyasını tamamlayırlar. Günəş də eyni zamanda öz orbiti üzrə hərəkət edir. Bütün bu istiqamətlərdə baş verən “sabit hərəkətlilik”də nə dəyişiklik, nə bir naqislik, nə də uyuşmazlıq hakimdir. Əksinə, bu göy cisimləri Allahın təyin etdiyi qanuauyğunluq çərçivəsində ahəngdar bir şəkildə hərəkət edir. Bəli, qalaktikamızda mövcud olan tarazlılıq və nizam insanı heyrətə salır. Allah, Qurani-Kərimdə bu mövzuya təmas edərək belə buyuru: “Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatlaq, nöqsan) görə bilərsənmi?!” (Mülk 67: 3) Bəzən elə olur ki, dan yerinin sökülməsini, gündüzün ardınca gecənin gəlməsini və bu qanunauyğunluq çərçivəsində eyni hərəkətlərin bir-birini əvəz etməsini izləyərək təəccüblənirik. İlahi tarazlığı araşdırdığımız zaman Allahın necə bir qüdrətə sahib olduğunu anlayırıq. Belə ki, Allah Qurani-Kərimdə bir çox ayədə bizi düşünməyə çağırır (ət-Təkvir 81: 14-15).

İkinci – Kainatı ona görə öyrənməliyik ki, Adəm övladının rifah içərisində yaşaması üçün zəruri olan hər şey kainatla bağlıdır: İnsan fani varlıq olduğu üçün həyatı boyu su, yemək kimi qidalara möhtacdır. Allah ümumi olaraq kainatda, xüsusi olaraq isə dünyada bizim üçün lazım olan hər şeyi yaratmış və istifadəmizə vermişdir. Bununla bağlı Allah Qurani-Kərimdə belə buyurur: “Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı). Ondan suyu və otlağını çıxardı. (Orada) dağları yerləşdirdi. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür” (ən-Naziat 79: 30-33). Ayələrə diqqətlicə nəzər yetirdikdə yeməyimizin, dava-dərmanımızın, geyimimizin, hətta heyvanlarımızın qidasının da yer üzündə olduğunu anlayacağıq.

Üçüncü – Kainatı öyrənəcəyik ki, hüquqlarımızı, dəyərlərimizi və mənəviyyatımızı qoruya bilək: Əgər biz kainatı öyrənməsək, Allahın orada yaratdığı ilahi həqiqətləri dərk etməsək, oğrular, nadanlar ev sahibini (bizi) daşla, tapança ilə qovar və əlimizdə olan hər şeyi alar. Yox, əgər, biz Allahın yaratdıqlarındakı incəlikləri qavrasaq, o zaman əvvəllər olduğu kimi ilahi ədalət çərçivəsində insanlara yol göstərəcək, başqalarının haqlarımıza təcavüz etməsinə, dəyərlərimizi ləkələməsinə icazə verməyəcəyik. Allah dəfələrlə Qurani-Kərimdə “anlayıb bilən” ifadəsini işlətməklə bu həqiqəti dərk etməyə səsləyir: “Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər”. (Yunus 10:5).

Allah bu həqiqətləri Qurani-Kərimdə açıqca bəyan etdiyi halda, onlardan üz çevirməmək, Uca Rəhmanın yaratdığı elmlərdən bixəbər olmamaq, eyni zamanda İslama və onun əzəmətli kitabına (Qurani-Kərimə) uyğun hərəkət etmək lazımdır. Eyni şəkildə bu həqiqətləri göz ardı etmək atamız Adəmin biz insanlara verdiyi mesaja üz çevirməkdir. O Adəmin ki, Allah ona bütün adları öyrətmiş, yer üzünü onun ixtiyarına vermişdir. Adəm də Allahın ona bəxş etdiyi sirli hikmətlər sayəsində həm quruda, həm də suda ixtiyar sahibinə çevrilmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AKINCI” PUA-NIN İLK SINAQ ATIŞI UĞURLA BAŞ TUTDU – VİDEO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar” PUA-larının yaradıcısı Səlçuk Bayraktar şirkətlərinin yeni istehsalı ilə bağlı maraqlı paylaşım edib. O, tvitter...

Bağla