Bəyazid Bistami (q.s.)‎

0

Hicri 161-ci ildə İranın Şəhrud şəhərində Bistam qəsəbəsində dünyaya gəlmişdir. Həzrəti Cəfəri Sadiqin nəvəsi İmam Əli Rızadan örnək götürdüyü nəql edilir. Həzrəti Cəfəri Sadiq ilə birbaşa görüşməmiş, lakin mənəvi bir yolla (yuxuda) ondan ilham aldığı söylənmişdir.  

Bəyazid Bistaminin zərdüşt bir qonşusu, onun da südəmər uşağı vardı. Qonşusu bir gün səfərə çıxır. Evlərini işıqlandıracaq bir şey olmadığı üçün uşaq ağlayır. Bəyazid Bistami də hər gün bir şam alıb onlara aparır. Qonşusu səfərdən qayıdarkən vəziyyətdən xəbər tutur. Sonralar özündə dəyişikliklər hiss etməyə başlayır. Bəyazidə qarşı qəlbində sevgi yaranır. “Madam ki o zatın aydınlığı gəldi, bizim öz qaranlığımızda yaşamağımız uyğun deyildir”,- deyərək Bistaminin hüzuruna gedir və müsəlman olur.  

Rəvayətə görə Həzrəti Bəyazid Bistami bir müridi ilə birgə həcdən qayıdırdı. Bir şəhərə gəlib çatdıqlarında xalq onların ətrafına toplandı. Bəziləri əlini öpmək istəyir, bəziləri də gah ətəklərinə sarılır, gah da dua istəyirdilər. Bu vəziyyətdən sıxılan Həzrəti Bəyazid getmələrini istəsə də,  onlar yenə israr etdilər. Həmin gün Ramazan ayı olmağına baxmayaraq, o, çantasından şirniyyat çıxarıb yeməyə başladı. İnsanlar çaşqın vəziyyətdə:

 “Biz də bunu özümüzə vəli bilirdik, orucunu pozdu”,- deyərək oradan dağılışmağa başladılar. Bəyazid mürşidinə müraciətlə:

“Oğlum, biz səfəriyik. Səfəri, yəni səfərdə olan insanın orucunu yeməsi, daha sonra isə qəza etməlidir, dinən halaldır. Allahın icazəsi olan hərəkət etdik, onlar isə getdilər. Şükürlər olsun qarışıqlıqdan canımızı qurtardıq”,- demişdir.  

Bir gün insanlar aralarında “vəli” kimi məşhur olmuş bir insanı görmək üçün müridləriylə yola çıxmışdı. Həmin şəxs evindən çıxıb məscidə yol alarkən üzü qibləyə doğru tüpürdü. Həzrəti Bəyazid o insanın laqeyd hərəkətindən pərişan olaraq, salam da vermədən geri döndü və tələbələrinə dedi:

“ – Bu şəxs Peyğəmbərin öyrətdiyi ədəblərdən birinə riayət etməkdə belə laqeyd davranır. Haqqın əsrarı xüsusunda ona necə güvənə bilərik?”

Həzrəti Bəyazid Bistami bir gün yolda gedərkən bir gənc də onun arxasınca, ayaq izlərinə basaraq onu izləyirdi. Şeyxin üzərində bir kürk vardı. Gənc:

“ – Kürkünüzdən bir parça verərsiniz, biz də bərəkət və feyzinizdən ilham alaq?”- deyə soruşdu.  Həzrət isə ona bu möhtəşəm cavabı verdi:

“ – Kürkünü deyil, Bəyazidin dərisini də soyub geyinsən, onun etdiyi əməlləri sən də etmədikcə bir fayda görməzsən”.

Həzrəti Bəyazid Bistami bir yerə səyahət edərkən ağac altında dayanıb yemək yeməyə başlamış, sonra isə yoluna davam etmişdi. Xeyli yol aldıqdan sonra torbasında qarışqa görmüş və:

“ – Allahın bu məxluqunu vətənindən ayrı saldım”,- deyərək geri dönüb onu yuvasına qoymuşdur”.

Belə nəql edilir:

Bəyazid Bistaminin anası bir qış gecəsi ondan su istəyir. Evdə su olmur. Bəyazid su axtarmaq üçün çölə çıxır və geri qayıtdığında anasının yatdığını görür. Anası bir az sonra yenidən oyanıb “oğlum, su gətir”, deyə səslənir. Bəyazid anasına su qabını uzadıb əlini çəkincə, soyuqdan su qabına yapışan əlinin dərisi soyulur. Anası bunu görüncə, “Ya Rəbbim, mən Bəyaziddən razıyam, sən də razı ol”, deyə dua edir. 

Gənclik illərində etdiyi ibadətlərindən zövq ala bilmirdi. Bu halını bəzi vaxtlarda anasına danışıb tərbiyəsində bir qüsur olub-olmadığını soruşardı:

“- Anancan, mən uşaq ikən, südəmər vaxtlarımda mənə haram bir şey verdinmi?” İçimdə məni Rəbbimdən uzaqlaşdıran bir şey hiss edirəm.

Anası uzun müddət düşünüb:

 “- Tək bir şeyi xatırlayıram. Sən uşaq ikən qonşuya getmişdik. Orada olanda ağlamağa başladın və susmurdun. Mən də ev sahibindən icazəsiz sobanın üzərində bişməkdə olan şorbadan  barmağımı batırıb bir az sənin ağzına qoydum”, – dedi.

Bu işdən xəbərdar olandan sonra həmin qonşuya gedib anasının halallıq almasını istədi. Bundan sonra ibadətlərindən zövq almağa başlamışdı.  

            Bəyazid Bistami Allah-Təalanın eşqi ilə elə bir halda idi ki, Ondan başqa heç bir şeyi xatırlamırdı. İyirmi il yanında olan və heç ayrılmayan tələbəsini hər çağırdığında: “Övladım, adın nədir?”- deyə soruşardı. Bir dəfə o tələbə dedi ki:

“- Şeyxim! İyurmi ildir heç bir yerə getmədən xidmətinizdə olmaqla şərəflənirəm. Lakin hər dəfə  adımı soruşmağınızın hikmətini anlaya bilmirəm”.

Bəyazid Bistami: 

“- Övladım, qüsurumu bağışla, hər dəfə adını soruşuram. Allah-Təalanın məhəbbəti qəlbimə gəlincə, məni elə bir hal bürüyür ki, Ondan başqa hər şeyi unuduram. Sənin adını da yadımda saxlamağa çalışıram, amma belə bir hal olunca, unuduram. Sən heç buna görə kədərlənmə”,-deyib tələbəsinin könlünü alır.

Prof.dr.Nəcdət Tosun

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA QƏBİRLƏRLƏ BAĞLI STANDART TƏSDİQLƏNDİ

Baş nazir Novruz Məmmədov “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib. Qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və...

Bağla