BELƏ VALIDEYNLƏR CINAYƏT MƏSULIYYƏTI DAŞIYIRLAR

0

“Elə valideyn var, uşağı özü göndərir siqaret ardınca. Belə valideynlər cinayət məsuliyyəti daşıyır”

Siqaretdən istifadəni məhdudlaşdıran qanunun qüvvəyə minməsindən narahat olanlar var və belələri «yaman yerdə axşamladıq» deyib, ahu-zar edir. Məlumdur ki, «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» qanuna görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satılması qadağandır. Belə hərəkətlər cinayət əməli hesab edilir və konkret maddə ilə cəzalandırılır. Amma buna baxmayaraq bəzi marketlər alverləri irəli getsin deyə qanunu pozmaqdan çəkinmirlər. Belə zənn edirlər ki, qanunsuz əməllərini görən olmayacaq, onlar da uşaq-böyük fərq qoymadan siqaret satıb qazanc əldə edəcəklər. Ancaq ələ keçənlər də olur. Bu günlərdə bir neçə satıcı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi tədbirlər keçirilir. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Suraxanı və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları bu istiqamətdə reydlər ediblər.

Reydlər nəticəsində Suraxanı rayonunda dörd, Sabunçu rayonunda isə iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb. Həmin mağazalarda altı satıcı barədə İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib edilib və onlar müvafiq qaydada cərimə olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Görəsən, reydlər gözlənilən effekti verəcəkmi? Market işlədənlər cərimələrdən nəticə çıxaracaqmı?
Millət vəkili Fazil Mustafa «Şərq»ə açıqlamasında bildirdi ki, reydlər başlanğıc üçün yaxşı haldır, davamı olsa:

– Polis əməkdaşları tərəfindən keçirilən reydlərin hər yerdə effektli olacağını düşünmürəm. Bura Azərbaycandır. Müəyyən «imtiyazlı» alış-veriş mərkəzləri, marketlər var ki, onlara müdaxilə edilməyəcək. Xəbər gəlsə ki, məsələn, hansısa marketlərə güzəşt edilir, o zaman qanunun obyektiv icrası ilə bağlı da şübhə yaranacaq. Gərək qanunun tətbiqi istisnasız, hər yerdə ədalətli olsun. Belə olduğu halda keçirilən reydlər effektli ola, gözlənilən nəticəni verə bilər. Yoxsa, marketlərə, satış nöqtələrinə fərq qoyulsa, o zaman qanunun ədalətli tətbiqindən danışmağa dəyməz.

Millət vəkili bu fikirdədir ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının qarşısının alınması üçün yalnız video-müşahidə kameralarının qoyulması yetərli sayıla bilməz:

– Doğrudur, əksər marketlərdə müşahidə kameraları var və hüquq-mühafizə orqanları bunlara əsasən harada qanun pozuntusu baş verdiyini aşkarlaya bilir. Amma bizim əsas nöqsanımız vətəndaş cəmiyyətinin passivliyidir. Təkcə müşahidə kameralarına bel bağlamaq olmaz. Vətəndaşlar özləri də müşahidəçi olmalıdır. Xüsusilə də valideynlər övladlarının sağlamlığını düşünürsə, marketlərdə, kiçik, gözdən uzaq, könüldən iraq satış nöqtələrində, xırda «butkalar»da uşaqlara siqaret satışına dözümsüz yanaşmalıdırlar. Hamımız bilirik ki, həyətlərdə, məhəllələrdə kiçik köşklər var, orada gündəlik tələbat malları satılır, o cümlədən də siqaret və ya spirtli içki. Binaların, evlərin sakinləri kimlərin bu köşklərdən, kiçik ərzaq marketlərindən nə aldığını çox yaxşı bilir. Gərək valideynlər məsuliyyətli olsun və uşaqlarının bu cür satış yerlərindən siqaret və ya spirtli içki almasına imkan verməsinlər. Elə valideyn var, uşağı özü göndərir siqaret ardınca. Belə valideynlər cinayət məsuliyyəti daşıyır və qanuna müvafiq qaydada cəzalana bilər. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏDƏR NƏDİR?

Qədər ərəb dilində “ölçü”, “ölçmə”, “miqdar”, “bir şeyi ölçərək müəyyən bir ölçüyə görə etmək”, “təqdir edərək təyin və təsis etmək”...

Bağla