BEŞ KƏLMƏ

0

Dilimizə daxil olmuş, ömrümüzə bərəkət qatan sözlərdən bəziləri bu gün diqqətsiz istifadə etdiyimizdən məna itkisinə qurban gedərək məzmununu tamamilə itirir və ya mənasızlaşır. Halbuki bunlar dinimizdə və dilimizdə geniş mənalar ifadə edən dərin kəlmələrdir.

1. Bir müsəlmanın edə biləcəyi ən böyük and Rəbbimizin adına etdiyi anddır. “Vallahi”, “Billahi” və “Tallahi” şəklində ifadə olunan bu andlar gəlişigözəl və adi mövzularda istifadə edilə bilməyəcək kəlmələrdir. Qurani-Kərimdə andların tutulması, mütləq yerinə yetirilməsi əmr olunmuşdur.

Lakin təəssüf ki, “vallah” sözü bizim dilimizdə sıravi bir bağlayıcılıq ifadə vasitəsinə çevrilib; həm də “valla” şəklində. Yalnız gündəlik danışıqlarda deyil, bəzən qeyri-məşru (uyğun olmayan) və günah sözlərdə belə “valla” sözündən istifadə edilir. Bir müsəlman mənasını dərk etmədiyinə görə rahatlıqla “valla”lı yalanlar danışa bilir, qeybət edə bilir, yerinə yetirməyəcəyi vədlər verərkən başına “valla” əlavə edə bilir.

Bunu unutmamaq lazımdır: Rəbbimiz bizə olan mərhəmətindən ötrü, qəsdsiz olaraq ağzımızdan çıxan andları bağışlayacağını buyursa da, davamlı and içmək də doğru görülməmişdir.

2. “İnşallah demə, dəqiq bir şey söylə!”. Müsəlman bir cəmiyyətdə söz verərkən “inşallah” deyən birinə bu şəkildə xitab edilməsi, əslində, əmanətin və sözün qiymətinin hansı səviyyələrə düşdüyünün ən bariz nişanəsidir. Bunu hamımız tez-tez eşidirik (hətta bəlkə həmsöhbətlərimizə qarşı istifadə də edirik). Biri “inşallah” dedikdə, o şeyin olmayacağından əmin oluruq az qala. Çünki “inşallah” bizim gündəlik istifadəmizdə işi görməmək üçün bəhanələrin digər adı halına gəlmişdir, təəssüf ki… Bu elə məşhur bir xəstəlikdir ki, “inşallahı-maşallahı yoxdur, edəcəksən!” deyə bir təsdiq forması belə törəmişdir arxasından.

Rəbbimizin Quranda bizə əmr etdiyi ifadə tərzlərindən biri olan “inşallah”, əslində, Allahı işlərimizdə zamin və vəkil etmək deməkdir. Ağlı başında bir müsəlman Rəbbimizi vəkil etdiyi bir işi əhəmiyyətsiz görə bilməz, ona qarşı səhlənkarlıq və laqeydlik göstərə bilməz. Üzərinə düşməyən bir mövzuda da Rəbbimizi vəkil və zamin tutub özünü məsul vəziyyətə salmaz.

3. Necə olduğumuz soruşularkən verdiyimiz bir cavabdır: “Şükürlər olsun”. Gözəl bir şey yaşadığımızda, bir nemətə qovuşduğumuzda, başımıza müsbət bir hal gəldiyində də daim ağzımızdadır, “şükür”.

Lakin burada maraqlı bir nüansa diqqət etməmiz lazımdır: Quran dilində “şükür” ifadəsi, verilən nemətə qarşılıq olaraq qulun səy göstərməsi və o nemətə layiq olmaq üçün çalışması mənasını verir. Yəni “şükür” bizim bu gün ifadə etdiyimiz kimi bir “söz” deyil, hərəkətdir. Bizim sözlü şəkildə ifadə etməyə çalışdığımız şeyin adı əslində “həmd”dir. Həmd ilə şükür bir-birindən ayrı şeylərdir.

Sağlamlığın və bədənin şükrü ibadətdir, saleh əməldir. Malın şükrü sədəqədir, zəkatdır. Elmin şükrü nəsihətdir, bildiyini paylaşmaqdır. Nümunələri daha da artırmaq mümkündür. Bir nemətə qovuşan müsəlman əvvəlcə dili ilə həmdini ifadə etməli, ardından feili olaraq şükrə sarılmalıdır. Oturduğu yerdə “şükürlər olsun” demək şükür deyil; hətta həqiqi mənasıyla həmd də deyildir. Həmd və şükür bir-birindən ayrılmaz bütündür. Biri nəzəriyyə, digəri də bunun praktikasıdır.

4. Dünyanın bir çox ölkələrini gəzib səyahətlər edən, yaxud imkanlı olub hər cür ehtiyacını təmin edən, lakin hələ ümrəyə (və ya həccə) getməmiş olan birinə nə üçün getmədiyini soruşduqda bu məşhur cavabı alırıq: “Hələ ki “nəsib” olmadı”. Bəlkə təxirə salınmışdır, bəlkə laqeydlik edilmişdir, bəlkə də heç gündəminə almamışdır… Lakin soruşulanda cavab hazırdır: “Nəsib olmadı”.

Yerli-yersiz hər mövzuda istifadə etdiyimiz nəsib sözü bu gün, təəssüf ki, tənbəlliyimizin və laqeydliyimizin pərdəsinə çevrilmiş vəziyyətdədir. Nəsib sözünü “Allahın qulları üçün təqdir etdiyi pay” mənası ilə düşünsək, o paya çatmaq üçün bizim də bəzi məsuliyyətlərimizin olduğunu görərik. Yəni arzuladığımız iş üçün səy göstərmək lazımdır. Təəssüf ki, belə baxmaq heç cür nəsib olmur. (Son cümlədəki “nəsib”, tam da bu gün bizim istifadə etdiyimiz mənadadır.)

Aramızda qurduğu bir cümləni və ya səmimi söhbətləri “xeyirlisi” ilə bitirməyən yoxdur. Çünki “xeyirlisi” sözü uzun söhbətlərin ideal bitmə ibarəsidir. Və ya içindən çıxılması çətin olan mövzular üçün bir növ finaldır.

Rəbbimizdən “xeyir” istəməyi və “xeyir aqibət” diləməyi ifadə edən bu möcüzə söz, əslində, böyük bir dua və təvəkkül cümləsidir. Amma indiki vaxtda həm yerli-yersiz istifadə edərək bəsitləşdirir, həm də “xeyirlisi” deyərkən mütləq hər dəfə yaxşı və müsbət şeyləri hədəfləyirik. Halbuki biz bəndələr üçün “xeyirli” olan şey bəzən ağır bəzi imtahanlar və ya kədərli nəticələr də ola bilər. Haqqımızda nəyin həqiqətən “xeyirli” olacağını biz bilmərik, Rəbbimiz bilər.

Odur ki, belə kəlmələrdən istifadə edərkən mənasını düşünərək məsuliyyətini yerinə yetirmək daha doğru olar.

Saleh ŞİRİNOV / İrfan jurnalı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA GEYİM ƏDƏBİ

Hər bir cəmiyyətin dinindən, mədəniyyətindən,  milli-mənəvi dəyərlərindən qaynaqlanan  adət və ənənələri, müəyyən ölçüləri, cəmiyyət arasında davranış qaydaları və ədəbləri vardır....

Bağla