Məlum olduğu kimi İslam dini elm öyrənməyə və bu yolda səy göstərməyə böyük önəm verir. Qurani-Kərimdə elmin və alimin üstünlüyünə diqqət çəkən ayələr olduğu kimi, Rəsulullahın (s.ə.s) sünnəsində də bu mövzuda çox sayda səhih hədislər mövcuddur. Lakin elm öyrənməyin fəzilətinə işarə edən və Rəsulullahın (s.ə.s) adından səsləndirilən bir söz var ki, insanlar arasında çox məşhur olmasına baxmayaraq əslində Allah Rəsulunun (s.ə.s) hədisi deyildir. Bu söz: “Beşikdən məzara qədər elm öyrənin!” – sözüdür. Son dövrün tanınmış hədis alimlərindən biri olan mərhum Əbdülfəttah Əbu Ğuddə bu sözün Həzrət Peyğəmbərin sözü olmadığını və bu səbəblə də Allah Rəsulunun adına nisbət edərək bu sözü hədis kimi nəql etməyin doğru olmadığını açıqlamışdır. (Əbu Ğuddə, “Qiymətüz-zaman”, s. 30).
Bu söz hər nə qədər hədis olmasa da məna baxımından hikmətli bir sözdür. Belə ki, Uca Allah Qurani-Kərimdə: “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükür edəsiniz“. (Nəhl, 16/78). Bu ayə insanın dünyaya gələrkən heç bir şeyə sahib olmadığını, lakin Allahın bəxş etdiyi göz, qulaq və qəlb kimi vasitələrlə inkişaf etdiyinə diqqət çəkir. Yəni insan beşikdən məzara qədər inkişaf edərək kamilliyə doğru irəliləyər. Allah Rəsulu (s.ə.s) də: “Mömin sonu cənnət olana qədər xeyirli işlər görməkdən yorulmaz“, – buyuraraq (Tirmizi, Elm, 19) möminin daim inkişafa doğru irəliləməsi lazım gəldiyini açıqlamışdır.
Nəticə olaraq, tez-tez qarşımıza çıxan “Beşikdən məzara qədər elm öyrənin!” sözü Rəsulullahın (s.ə.s) hədisi deyil. Bu səbəblə də bu sözü hədis olaraq nəql etmək doğru deyildir. Lakin hikmətli bir söz olaraq doğru bir sözdür. Mənası həm Qurani-Kərimin həm də səhih hədislərin mənası ilə üst-üstə düşür.
f.f.d Səfa Muradov