“BEYNƏLXALQ İSLAM SUFİZMİ” ADLI İNGİLİSDİLLİ ELMİ-ARAŞDIRMALAR JURNALI İŞIQ ÜZÜ GÖRÜB

0

“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbərliyi ilə təsis edilən “Beynəlxalq İslam Sufizmi” adlı ingilisdilli elmi-araşdırmalar jurnalının bu il üçün yeni nömrəsi dərc edilib.

İslam təsəvvüfü elmi-tədqiqatlarının nəticələrini əks etdirən jurnal ildə iki dəfə ingilis dilində dərc ediləcək. Beynəlxalq standartlara tam cavab verən jurnalın redaksiya heyəti və ikili anonim rəyçi qrupu da bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalın fəxri redaktoru Türkiyənin tanınmış təsəvvüf–araşdırmaçısı, yazıçı Cəmalnur Sarqut və baş redaktoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur.

“Beynəlxalq İslam Sufizmi” jurnalı İslam təsəvvüfü sahəsindəki elmi yeniliklərlə bağlı tədqiqatçılar, tələbələr və oxucuların müzakirə aparmaları üçün əlaqələndirici platforma rolunu oynayır. Bu jurnalın nəşr edilməsi İslam təsəvvüfü ilə bağlı yaranan aktual akademik məsələlərə cavab vermək və bu sahənin daha da inkişafına dəstək olmaq məqsədi daşıyır.

İctimai Birliyin sədri, “Beynəlxalq İslam Sufizmi” jurnalının təsisçi-redaktoru Xəyalə Məmmədova qeyd edib ki, jurnal İslam təsəvvüfü sahəsində tanınmış Azərbaycan və türk alimlərinin birgə əməyi sayəsində ərsəyə gəlir: “Əsas məqsədlərimizdən biri jurnalı dünyanın nüfuzlu jurnallar siyahısına daxil etməkdir. Ümumiyyətlə, elmi-jurnallarımızın tanınmış elmi-bazalara daxil edilməsi nəinki elmimizə böyük nüfuz gətirir, eyni zamanda, hər sahədə sürətlə inkişaf edən ölkəmizin dünyada yüksək imicini də təsdiq edir. İslam təsəvvüfü sahəsində baş verən elmi yenilikləri əks etdirərək, elmi məqalələri beynəlxalq auditoriyaya jurnalımız vasitəsilə çatdırmaqla, yerli və xarici alimlər arasında elmi ünsiyyətin genişləndirməsində böyük rol oynayacağıq”.

Qeyd edək ki, İctimai Birliyin yerli və beynəlxalq səviyyədə tanınmış “Elm və İnnovativ Texnologiyalar”, ingilisdilli “Beynəlxalq Humanitar və Sosial İnkişaf Araşdırmaları” adlı elmi jurnalları da dərc edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“SON 6 İLDƏ 18 220 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRMİŞİK”

“Həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində 2015-ci il iyulun 24-dən indiyədək 18 min 220 terrorçu zərərsizləşdirilib. Yalnız bu il məhv edilən...

Bağla