“Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməklə, uzun illər işğal altında olan əraziləri, o cümlədən özünün mədəniyyət paytaxtını – Şuşa şəhərini azad etdi. Bu il Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub”.
“Report” xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.
“Şuşa türk dövlətlərinin birləşməsində çox böyük rol oynayacaq”, – o bildirib.
B.Çakıcının sözlərinə görə, türk irsinin qorunub saxlanmasına daha çox vaxt və güc sərf etmək lazımdır. “Biz ümumi dəyərlərimizi qorumaq və təbliğ etmək üçün səy göstərməliyik”, – Baş katibin müavini əlavə edib.
“Bu il TÜRKSOY-un yaradılmasının 30-cu ili tamam olur. Bu əlamətdar hadisənin UNESCO səviyyəsində qeyd edilməsi planlaşdırılır. Bu beynəlxalq təşkilat çərçivəsində dekabrın 15-i Türk Dili Günü elan ediləcək. TÜRKSOY UNESCO-nun milli komissiyaları ilə sıx əlaqə saxlayır”, – o deyib.