İnsanı həyata bağlayan bir çox dəyərlər var. Bunların ən başlıcası hər halda torpaq, yəni vətəndir.
Hətta bir çox dəyərimizin varlığını məhz torpaqla qorumaq mümkündür. Çünki namus öz yurdunda, öz dövlətində qorunar; bayraq öz torpağında dalğalanar. İşğal olunan torpaqda isə nə bayrağın dalğalanar, nə din yaşanar, nə də namus qoruna bilər. Bütün bunlara görədir ki, şair: “Torpaq, uğrunda ölən varsa, vətəndir!”, – demişdir. Hz. Peyğəmbərin (s.ə.s): “Bir gün sərhəddə keşik çəkmək dünyadan və dünyadakılardan daha xeyirlidir”,- deyə buyurması da vətənin keşiyində dayanmağın və öz torpağını qorumağın qiymətini bir daha təsdiq edir.
Torpağını itirən adamın daha əvvəl öz yurdunda tutduğu mövqeyi, etibarı və hörmətini itirmə ehtimalı da hər zaman vardır. Həmin şəxs, bəlkə də, bu etimadı on illər ərzində əldə etmişdi. Torpağını itirən adam qonşusunu da itirir. Hansı ki, illərlə, bəlkə də, ulu babalarının belə qonşusu olduğu həmin adamı… Belə olan halda getdiyi yerdə həmin qonşunu qazanmaq üçün bir ömür yetərmi? Bunun kimi daha nələri itirir, nələri…
Bütün bunlara görədir ki, Hz. Peyğəmbər məcburi köçkünlüyü, yəni qaçqınçılığı ölümə bənzətmişdir. Deməli, bir köçkün üçün torpağının azad olunması, təkrar öz yurduna dönməsi Hz. Peyğəmbərin səsləndirdiyi fikir əsasında həmin insanın yenidən dirilməsi kimidir.
İş yerindən: “İki gün sonra, 15 sentyabr günü Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində məktəb açılışına sən də gedəcəksən”,- deyiləndə daxilən fərqli hisslər keçirmişdim. Bu il qızımın birinci sinfə getməsi münasibəti ilə onun yanında olmağı planlaşdırmağıma baxmayaraq, bu xəbəri eşidəndə bir anda hər şeyi, qızımın birinci sinfə gedişini də unutmuşdum. Çünki düşmən tapdağından azad etdiyimiz, Qarabağın bir parçası olan Cocuq Mərcanlıya getmək və orada məktəbini yarımçıq qoyub el-obasını tərk etmək məcburiyyətində qalanların özlərinin məzun ola bilmədikləri həmin məktəbə illər sonra öz övladlarını göndərmələrinə şahid olmağın əvəzini bu dünyada heç nə verə bilməzdi.
14 sentyabr günü Cəbrayıla tərəf yola düşdük. İlk əvvəl, tez-tez çıxdığımız rayon səfərləri kimi, hər şey öz axarında gedirdi. Lakin Bakıdan çıxdıqdan sonra yollar gözümə fərqli görünməyə başladı. Saatlıya çatdığımız zaman yol yoldaşlarıma: “Saatlıya daha əvvəl bir neçə dəfə gəlsəm də, bu səfər Saatlı rayonu mənə bambaşqa təsir bağışlayır, daha doğma gəlir”, – dedim. Səbəbinə gəldikdə, keçdiyimiz hər bir rayonun başqa səfərlərdən fərqli olaraq bu səfər bizi Qarabağa aparması idi. Bax bu hissiyyatı yaşamağın dadını anlatmağa kəlmələr tapmaqda çətinlik çəkirəm.
Axşamı Fizulidə keçirdikdən sonra ertəsi günü məktəb açılışı üçün Cəbrayıla yola düşdük. Biz ora çatanda tədbir artıq başlamışdı. Hər kəs çox şadyanalıqla, böyük bir həyəcanla şənlik edirdi. Kəndin bütün sakinləri bu şənlikdə iştirak edirdilər. Nəhayət, gözlənilən an çatdı. “İlk dərs zəngi” uzun-uzun çaldı və bütün məktəblilər siniflərinə keçdilər. Bu arada sakinlərdən biri tədbirdə iştirak edən Baş nazirin müavini Əli Həsənova yaxınlaşaraq şəxsi probleminin həlli üçün ona müraciət etdi. O isə öz cavabında: “SƏN ARTIQ QAÇQIN DEYİLSƏN, ÖZ TORPAĞINDASAN!” – dedi və sözünə belə davam etdi: “Bundan sonra problemlərini mənə yox, öz rayonunun icra hakimiyyətinə danış!”. Bu sözün bir gün mənə də deyilməsini o qədər arzulayırdım ki…
Bəli, əziz oxucular, bu söz məni bir anda alıb öz kəndimə götürmüşdü. Orada, öz obamda məktəbimizin açılışında artıq iştirak edir, qızımın ilk dərs gününü Bakıda yox, Ağdamın Qullar kənd orta məktəbində qeyd edirdim…
Bu təkcə mənim yox, hər bir Qarabağlının inamıdır.
Bir gün internet vasitəsi ilə babamgilin kəndinin dağıdılmış haldakı şəklini, hətta öz evinin hasarlarını, daha doğrusu dağıdılmış halını babama göstərmişdim. Babam mənə kənddən çıxdığı son gün evin qazını, işıqlarını söndürüb, hindəki toyuqlara dən verdikdən sonra, bir neçə gündən təkrar geri dönmək ümidi ilə evin qapısını və həyətin darvazasını bağlayıb çıxdığını danışdı. Sonra da həmin açarları gətirib mənə göstərərək: “Mən, bax bu açarlarla, bir gün gedib evimin qapısını açacağım günü gözləyirəm”, – dedi və təbii olaraq göz yaşlarını tuta bilmədi. 70 yaşını geridə qoyan bu qoca adam kimi hər bir qarabağlı da bu inamla yaşayır. Evimizin dağıdıldığını bildiyimiz halda onun açarlarını hələ də yanımızda saxlayırıq. Cocuq Mərcanlının azad olunması isə bizim bu inamımızı bir qat daha möhkəmlətdi.
RAMİZ MƏMMƏDOV