بسم الله الرحمن الرحيم
مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ اَطَاعَ اللّٰهَ وَمَنْ تَوَلّٰى فَمَا اَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا
“Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik”.
(ən-Nisa, 4/80)
Bu ayədən aydın olur ki, müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman və itaət etməklə mükəlləfik. Çünki Uca Allah bizə, peyğəmbəri vasitəsilə əmr və qadağan etdiklərinə də tabe olmağımızı əmr etmişdir. Necə ki, digər bir ayeyi-kərimədə belə buyurulur: “Peyğəmbər sizə nə verirsə, alın; nəyi qadağan edirsə, ondan əl çəkin!” (əl-Həşr, 59/7) Beləcə, Allah-Təala göndərdiyi elçinin buyruqlarına tabe olmağı da İslamın bir gərəyi saymış və bunu bizlərə əmr etmişdir. Allah rəsulunun vəzifəsi yalnız vəhyi təbliğ etmək deyil, həmçinin ümmətinə nümunə olmaq və bu vəhyi açıqlayıb təfsir etməkdir. Dini mövzularda onun söylədiyi hədislər bir növ Allahın iradəsini əks etdirir. Dinimizin əsasları, etiqad, ibadət və müaməlat məsələlərindəki təfsilatlar birbaşa Həzrət Peyğəmbərin (s.ə.s) həyatına əks olunaraq bizə gəlib çatmışdır.
Qurani-Kərimdə bəzi dini məsələlərdən ümumi şəkildə bəhs olunmuş, ancaq ətraflı izahlar verilməmişdir. Bu təqdirdə Həzrət Peyğəmbərin (s.ə.s) qövli, feli və təqriri sünnəsinə, qısaca desək, hədislərinə müraciət edilir. Məsələn,Qurani-Kərimdə namazın qılınması və zəkatın verilməsi bir çox ayədə əmr olunmuş, lakin incəliklərinə yer verilməmişdir. Bu cəhətlərini hədislər vasitəsilə öyrənirik. Bu da onu göstərir ki, Rəsulullaha (s.ə.s) itaət Allaha itaətdir. Əgər hər hansı bir məsələ ilahi vəhyə əsaslanırsa, bu xüsusda Həzrət Peyğəmbərə (s.ə.s) tabe olmalı və onun səhih hədisləri ilə əməl etməliyik. Bu mövzuda peyğəmbərimiz məhz özü səhabələrini belə xəbərdar etmişdir: “Mənim əmr və qadağan etdiyim hər hansı söz deyiləndə, heç kim oturduğu yerdən: “Bilmirəm. Mən yalnız Allahın kitabında olana tabe oluram”, – deməsin!” (Əbu Davud, “Sünən”, 6)
Eyni zamanda Rəsulullaha tabe olmaq Allaha olan sevginin bir hissəsini təşkil edir. Ona tabe olmaq Allahın sevgisinə və məğfirətinə nail olmağın da ilk şərtidir. Buna görə də “Sadəcə Quran bizə yetər!” şüarı ilə çıxış etmək və hədisi-şərifləri bir kənara qoymaq Quranın buyruqlarına zidd olan bir anlayışdır. Belə olan təqdirdə İslamı kamil mənada anlaya və yaşaya bilmərik.
Ayənin sonunda yer alan “Biz səni onların başına gözətçi göndərmədik” ifadəsi isə İslamdakı din və vicdan azadlığına işarə edir. Yəni Həzrət peyğəmbərin vəzifəsi təbliğ etməkdir. İslamı yaşayıb-yaşamamaq isə insanların iradəsinə buraxılmışdır.
Uca Allah bizləri müqəddəs kitabından və peyğəmbərinin sünnəsindən ayrılmayan qullarından eyləsin!
Ələddin Sultanov