Kitablarla bağlı yaşanmış hekayələrdə tez-tez rastlaşdığımız bir şey var. Məşhur bir adam: “Filan kitabı oxudum, həyatım dəyişdi” – deyər. Yaxud da:
“Bu kitabı mütləq oxumalısınız! Həyatınız dəyişəcək” kimi tövsiyələr eşidərik. Bu ifadələrdə haqqında söhbət açılan kitaba daha çox diqqət çəkilməsi və o kitabın insanlar nəzərində daha çox əhəmiyyət qazanması qayğısı var.
Bir də məsələnin sosioloji tərəfi var. Həqiqətən də insan bir kitabı oxumaqla həyatı dəyişərmi? Yaxud da bu sualı bir az daha asanlaşdıraraq verək: görəsən, biz həyatımızın yönünü dəyişən kitabla qarşılaşdıqmı? “Bəli, mən bu kitabı oxudum, həyatım dəyişdi” deyə bilirikmi? Bir gerçək var ki, bu kimi ifadələrdə və yanaşma tərzində şişirtmənin var olduğunu hiss etmək mümkündür.
Ancaq uzun müddət ərzində kitabın həyatımıza təsirini düşünəcək olsaq, həyatımızın istiqamətini təyin etmək xüsusunda və doğru bir istiqamət vermək baxımından kitablar birinci sırada gəlməlidir. İnsanlar kitabları fikirlərinin formalaşması və hadisələrə daha doğru və dəqiq perspektivdən baxa bilmək üçün oxuyurlar. Oxumaq bir qayğı və ya ehtiyac nəticəsində gerçəkləşir. Əgər bir qayğı duyursunuzsa, o qayğı cəhalət qayğısıdır. Dünya görüşünüzün zəif qalması qayğısıdır. Yaşadığımız cəmiyyətdə maraqlı fikirlər irəli sürmək də var olmaq qayğısıdır. Oxumaq feilini kateqoriyalara ayıracaq olsaq, insanlar ya dünyəvi biliklərini inkişaf etdirmək üçün oxuyurlar, ya da dinin onlara təqdim etdiyi həyat tərzini ən ideal şəkildə öyrənib yaşamaq üçün oxuyurlar. Biz ikinci qismdə dərinləşmək istəyən bir insan üçün bəsit bir sıralama edək:
Birinci növbədə, maariflənmək və bilmədiyimiz mövzularda məlumat almaq üçün oxuyuruq. Bu çalışmanın bizim dini yaşam tərzimizə baxan tərəfi “elmihal” adlandırdığımız kitablardan gündəlik islami həyatımızı davam etdirəcək qədər fiqh, siyər, etiqad və s. mövzularına dair məlumatlar əldə etmək, onları həyata tətbiq etməkdir.
İkinci mərhələdə, Qurana dair bilgilərə vaqif ola bilmək üçün Quranı və onun mənasını oxumaq, az da olsa mənasını başa düşmək üçün Quran mərkəzli oxumalardır.
Üçüncü mərhələdə, bir insan olaraq fikir dünyamızın inkişafı və ətrafımızda baş verən hadisələri doğru analiz etmək üçün fikir sahəsində kitablar oxumaq və düşüncə dünyamızı bu mənada zənginləşdirmək üçün mütaliələr gəlir.
Bu mütaliələrdə müəyyən mənada dərinləşmək, fikrimizi sağlam bir zəminə oturtmaq üçün müəyyən sahələrə aid kitablar oxumaq ən doğrusudur. Məsələn dini elmlərdə dərinləşmək istəyiriksə, diqqətimizi çəkən sahəyə yönəlməli, o mövzuda kitablar oxumalıyıq.
İndi isə gələk “Bir kitab oxudum, həyatım dəyişdi” ifadəsindən bizim nə anlamalı olduğumuza. Əgər insan bir kitabla həyatını dəyişdirəcəksə ən başda oxuyacağı kitab özünü yaradan Rəbbinin onun həyatına istiqamət vermək üçün göndərdiyi Qurani-kərimdir. Əgər dəyişəcək bir həyat varsa o həyat da bu istiqamət üzrə dəyişməlidir. Çünki insanın ruhi inkişafına və eqoizm duyğusunun yox olmasına xidmət etməyən bir kitabın dəyişdirə biləcəyi həyatın dəyər olaraq nə ifadə etdiyi haqda mütəlif fikirlər söyləmək olar. Çünki insanın bu dünyaya bir gəliş qayəsi vardır və o qayə ülvi bir qayədir. Yaradılışında ona öz ruhundan üfürən Allahın istədiyi insan modeli də həm həyatları dəyişdirən Quran, həm də onun təbliğçisi olan Peyğəmbərimizin həyatında mövcuddur.
Elə bir kitab ki, içində zərrə qədər şübhə yoxdur və Allahdan qorxanlar üçün hidayət rəhbəridir. Məhz Hz. Peyğəmbərin ortaya qoyduğu əsri-səadət insan modeli vəhyin hər ayəsi ilə müsbətə doğru dəyişən səhabə modelidir.
Onlar bir “Kitab”ı oxudular, həyatları dəyişdi.
Cəhalət kirlərindən təmizlənib İslamın aydınlığında həyata qovuşdular.
Bataqlıqda məhv olan bir mədəniyyətdən səsi əsrlərdən sonra da duyulan bir mərhəmət mədəniyyətinə qovuşdular.
Onlar bir “Kitab”ı oxudular, hər şeyə Xaliqin nəzəriylə baxdılar.
Onlar bir “Kitab”ı oxudular, Allahın boyası ilə boyandılar. Hər şeyə Onun rəngi ilə baxdılar.
Onlar bir “Kitab”ı oxudular, könülləri ümmana döndü. Fədakar və cəfakar oldular.
Onlar bir “Kitab”ı oxudular, qatılaşmış ürəkləri bahar təravəti tapdı və mərhəmət şəlaləsinə döndü.
Onlar bir “Kitab”ı oxudular, Allah üçün və Onun sevimli Rəsulu üçün ölüm ən şirin şeyə çevrildi.
Və onlar bir “Kitab”ı oxudular, həyatları dəyişdi.
Bəs biz?
Hansı kitab bizim həyatımızı dəyişdirəcək?
SALİH ZEKİ MERİÇ