İsra və Merac hadisəsi bisətin/peyğəmbərliyin 11-ci ilində, hicrətdən 18 ay əvvəl baş vermişdir. Müsəlmanlar tərəfindən “Hüzn ili” adı verilən bu ildə Hz. Peyğəmbərimiz (s.ə.s), ən yaxınları və himayədarları olan möhtərəm zövcəsi Hz. Xədicə (r.anhə) anamızla əmisi Əbu Talibin vəfatının ardından, Məkkədəki dəstəyini böyük ölçüdə itirmişdi.
Başqa şəhərlərdə iman gətirəcək və İslam davasına könül verəcək insanlar axtarmağa başlamışdı. Bu istiqamətdə Taifdən gələn bir dəvəti qəbul etmiş, fəqət oradakı insanlar Peyğəmbərə (s.ə.s) xidmət edib Onu dinləmək bir tərəfə, Onu (s.ə.s) və yanındakı Zeyd bin Harisəni qəbul etməmiş, hətta uşaqlara daşladaraq incitmişdilər. İnsanlar tərəfindən bu şəkildə himayəsiz buraxılan Allah Rəsuluna həm bir təsəlli və lütf, həm də “həqiqi haminin (himayədarın)” Allah-Təala olduğunu bildirmək mənasında göy üzünün qapıları açılaraq “İsra və Merac möcüzələri” ikram edilmişdi.
İsra və Merac olaraq ifadə edilən bu ilahi ikram, bütün bəşəri pərdələr qaldırılaraq, idraklara sığmaz dərəcədə, tamamilə ilahi ölçülərlə meydana gələn bir lütfdür. Yəni bəşəri mənada məkan və zaman məfhumu ortadan qalxmış, milyardlarla insan ömrünə sığmayacaq qədər uzun bir yolçuluq və saysız müşahidələr dəqiqə və ya saniyələr qədər qısa bir zaman içərisində baş vermişdir.
Bu hadisənin ilk qismi olan “İsra”, yəni Məkkədən Qudsə olan səyahət Qurani-Kərimdə belə bildirilir:
“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və xariqələri) göstərmək üçün bəndəsini (Muhamməd əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (əl-İsra 1)
Merac hadisəsini isə Hz. Peyğəmbərimiz (s.ə.s) belə anladır:
“Mən Kəbənin Xətim qismində yuxu ilə oyanıqlıq arasında idim. Yanıma ulaqdan böyük, qatırdan kiçik bəyaz bir heyvan gətirildi. Bu, Buraq idi. Qabaq ayağını gözünün gördüyü ən son nöqtəyə qoyaraq yol gedirdi. Mən onun üstünə mindirilmişdim. Bu şəkildə Cəbrayıl (ə.s) məni apardı. Dünya səmasına qədər gəldik. Qapının açılmasını istədi.
“– Gələn kimdir?” – deyildi.
“– Cibril!” – dedi.
“– Yanındakı kimdir?” – deyildi.
“– Muhamməd (s.ə.s)” – dedi.
“– Ona Merac dəvəti göndərildimi?” – deyildi.
“– Bəli!” – dedi.
“– Xoş gəlmişdir! Bu gəliş nə yaxşı gəlişdir!” – deyildi və qapı açıldı. Qapıdan keçincə orada Hz. Adəmi (ə.s) gördüm.
“– Bu babanız Adəmdir! Ona salam ver!” – deyildi.
Mən də salam verdim. Salamıma qarşılıq verdi. Sonra mənə:
“– Saleh övlad xoş gəldin, saleh peyğəmbər xoş gəldin!” – dedi.
Sonra Hz. Cəbrayıl məni yüksəltdi və ikinci qat səmaya gəldik. Burada Hz. Yəhya və Hz. İsa (ə.s) ilə qarşılaşdım. Onlar xalaoğullarıydı.
Sonra Cəbrayıl məni üçüncü qat səmaya çıxartdı və orada Hz. Yusuf (ə.s) ilə rastlaşdıq. Dördüncü qat səmada Hz. İdris (ə.s) ilə, beşinci qat səmada Hz. Harun (ə.s) ilə, altıncı qat səmada isə Hz. Musa (ə.s) ilə rastlaşdıq. O:
“– Saleh qardaş xoş gəldin, saleh peyğəmbər xoş gəldin!” – dedi.
Mən onu keçincə ağladı. Ona:
“– Niyə ağlayırsan?” – deyildi.
“– Çünki məndən sonra bir gənc peyğəmbər oldu, Onun ümmətindən cənnətə girənlər mənim ümmətimdən cənnətə girəcəklərdən daha çoxdur!” – dedi.
Sonra Cəbrayıl məni yeddinci qat səmaya çıxartdı və Hz. İbrahim (ə.s) ilə rastlaşdıq.
Cəbrayıl (ə.s):
“– Bu, baban İbrahimdir, ona salam ver!” – dedi.
Mən salam verdim. O da salamıma cavab verdi və sonra:
“– Saleh oğlum xoş gəldin, saleh peyğəmbər xoş gəldin!” – dedi.
Daha sonra mənə:
“– Ya Muhamməd! Ümmətinə məndən salam söylə və onlara cənnətin torpağının çox gözəl, suyunun çox dadlı, ərazisinin son dərəcə geniş və düz olduğunu bildir. Söylə ki, cənnətə çox ağac əksinlər. Cənnətin ağacları “Sübhanəllahi vəl-həmdulilləhi və lə iləhə illallahu vəllahu əkbər!” deməkdən ibarətdir!” – dedi.
Sonra Sidrətul-Müntəhaya çıxarıldım. Cəbrayıl (ə.s) mənə:
“– Bura da Sidrətul-Müntəhadır!” – dedi.
Burada dörd çay vardı: İkisi batini çay, ikisi zahiri çay.
“– Bunlar nədir ey Cibril?” – deyə soruşdum.
Cəbrayıl (ə.s):
“– Bu iki batini çay cənnətin iki çayıdır. Zahiri olanların biri Nil, digəri də Fəratdır!” – dedi…” (Buxari, Bədiul-Xalq, 6; Ənbiya, 22, 43; Mənaqibul-Ənsar, 42; Müslim, İman 264; Tirmizi, Təfsir, 94, Dəavət 94; Nəsəi, Salət, 1; Əhməd, V, 418).
Sidrətul-Müntəhada Cəbrayıl (ə.s):
“– Ey Allahın Rəsulu! Buradan o tərəfə tək gedəcəksən!” – dedi.
Rəsulullah (s.ə.s):
“– Nə üçün ey Cibril?” – deyə soruşdu.
O da cavabında:
“– Allah-Təala mənə bura qədər çıxmağa icazə verib. Əgər burdan qarşı tərəfə bir addım atsam, yanıb kül olaram!” – dedi. (Razi, XXVIII, 251).
Artıq bundan sonrakı yolçuluğa Allah Rəsulu (s.ə.s) təkbaşına davam etdi. Ona xariqüladə təcəllilər lütf edildi. Haqq-Təalanın cəmalıyla müşərrəf oldu.
SALEH ŞİRİNOV