Qırğızıstanın Din İşləri üzrə Komitəsinin təşəbbüsü ilə Bişkekdə keçirilən “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb.
Bildirlir ki, tədbirdə dünyanın 20 ölkəsindən dövlət qurumlarının nümayəndələri, dinşünas alimlər, ekspertlər iştirak ediblər.
Ölkəmizi bu konfransda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Aydın Əlizadə təmsil ediblər.
Konfransın açılışında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov çıxış edib.
Səyavuş Heydərov konfransdakı çıxışında Azərbaycanın ekstremizmlə mübarizədəki müsbət təcrübəsindən danışıb və ölkəmizin Qırğızıstanla bu istiqamətdə təcrübə mübadiləsi həyata keçirməyə hazır olduğunu bildirib. O deyib ki, dini ekstremizmə qarşı şüarlarla mübarizə aparmaq olmaz, ideologiyaya yalnız ideologiya ilə qalib gəlmək mümkündür.
Konfransda dini təhsil modeli və təcrübəsi, kütləvi informasiya vasitələri və internetdə din məsələlərinin işıqlandırılması, yaşadığımız cəmiyyətdə dindar qadınların rolu, müasir multikultural cəmiyyətdə gənclərin yeri və rolu və digər mövzularda məruzələr dinlənilib.