BİZİ ALDADAN NƏDİR?

0

Bir dünyada yaşadığını zənn edən insanlar əslində iki dünya arasında qalıb. Biri insanın özünü içərisində tapdığı, digəri isə içərisində özünü itirdiyi dünyadır. Son zamanlar insanlar da iki tipə ayrılıb.  Biri kəndində kəsəyində əlində olub qalanları satıb şəhərdə var olmaq istəyənlər. Digəri isə şəhərdə kənd həyatının həsrətini çəkənlər.

 Ən böyük supermarketlərdə qurulan təndirlər, ən elit otel və restoranlarda təklif edilən bahalı kənd süfrələri və ən əsası da keçmişdə nənələrimizin ev-eşik işlərində  geyindiyi paltarların ən bahalı butiklərdə son dövrün  modası  kimi insanlara təqdim edilməsi nədən xəbər verir görəsən?

Ya  insanlar həqiqətən genetik kodlarına sadiq qalaraq  keçmişin həsrəti içərisində yaşayır, ya da ki yırtıcı kapitalizm sözün həqiqi mənasında hər şeyi insanlara “bazarlayaraq” daşdan da pul çıxarır. Deməli, biz hara getdiyimizi bilməsək də bizi hara apardıqlarını çox yaxşı bilirlər…

Bəlkə də elə günahın ən böyük hissəsi elə hər bir fərdin öz üzərinə düşür. Əgər sən sahib olduğun dəyərlərin doğru olduğuna həqiqətən inanırsansa ictimai qınaq olsa belə sənə təqdim olunan saxta dəyərlərə niyə həvəs göstərməlisən. Bu gün səni xoşbəxt edənləri tərk edib, gələcəkdə səni bədbəxt edəcəklərə meyl etməyin sənin günahın deyilmi? Bir halda ki, illər sonra yenə bu gün sahib olduqlarımıza həsrət qalcağıq o zaman elə bu gün onların qədrini bilək.

Əgər illər sonra inkişaf etdiyimizi iddia etdiyimiz halda hələ də xoşbəxtliyimizi keçmişimizdə axtarır və keçmişdəkilərə həsrət duyuruqsa, deməli itirdiyimiz çox şeylər var. Hər şey sürətlə özə dönürsə  bəlkə elə özə dönmək özü də bir inkişafdır. 

Son olaraq unutmayın! Əgər siz də yenə uzun yolçuluqdan sonra fırlanıb başladığınız nöqtəyə gəlirsinizsə deməli bu dünyada ən böyük uğur başlanğıc nöqtədən uzaqlaşmamaqdır…

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDDƏ DUYĞULANDIRAN QEYD: HAQQINIZI HALAL EDİN…

Türkiyənin Nevşehir şəhərindəki məscidlərdən birində qəribə hadisə baş verib. Yeni məhəllədəki “Fatma Hatun” məscidinin imam-xətibi zöhr namazı üçün məscidə grdəndə,...

Bağla