BOŞANMIŞ AİLƏLƏRDƏ UŞAQLAR

0

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır. Təlim-tərbiyə isə insan psixologiyasını formalaşdıran mühüm amillərdən biridir. Çünki uşaqların fərqli olan baxışları, qavrayışı, nitqi məhz ailədə, məktəbdə və cəmiyyətdə təşkil olunan tərbiyə əsasında formalaşır. Uşaqlar ata və ana vasitəsilə ətraf mühitdə, cəmiyyətimizdə yaranan hadisələrlə bağlı təsəvvürlərə sahiblənir və bunun əsasında ətrafda olan insanları, özünü qiymətləndirmək meyarlarını mənimsəyirlər. Ailə həyatı şəxsiyyətin inkişafında çox mühüm rol oynayır. Bu cəhət, ilk növbədə, uşağın emosional aləmində əks olunur. Gəlin baxaq natamam ailədə böyüyən uşaq psixologiyası hansı vəziyyətdədir?

Boşanmaq, yoldaşlar üçün bütün arzuların bitmə nöqtəsi ola bilər, amma uşaqlar üçün həyatın sonu mənasındadır. Ata və anasının ayrıldığını görən uşaqlar hər şeydən çox onların sevgisinə ehtiyac duyurlar. Tək qalmaqdan qorxurlar. Onların sevgisini eyni dam altında hiss etmək istəyirlər. Boşanmanın ilk qurbanları uşaqlardır. Ana və atasının ayrıldığını görən uşaqların əksəriyyətində psixoloji tarazlıqlar pozulur və xüsusilə çox sevilən uşaqlar, böyük bir psixoloji çöküntü yaşayırlar. Ana və atası ayrılan uşaqlar, evi bir qorxu yuvası olaraq görürlər və sığınacaq bir yer axtarırlar. Ana və ataya çata bilməmək duyğusu bir uşağın həzm edəcəyi növdən bir duyğu deyil. Anadan məhrum uşaqların bir çox yöndən digər uşaqlardan bir addım geridə olduqları dəfələrlə araşdırılıb sübut edilən bir gərçəkdir. Bu hal uşaqların psixoloji inkişafı ilə yanaşı, fiziki inkişafını da yavaşladır.

Ana və ya atasından ayrılan uşaq, sevgi əskikliyi hiss edir və ümumiyyətlə,  sevgiyə susamış bir halda olduğu üçün bu sevgini başqa yerlərdə axtarır və təəssüf ki, bu cür uşaqlar asanlıqla pis insanların yemi halına gələ bilirlər.

0-2 yaş arası uşaqlar bu vəziyyətdən təsirlənirmi?

Tibbi araşdırmalar göstərir ki, hətta ana bətnində olan uşaq belə valideynlərin ayrılması prosesini çətin emosional hallarla müşayiət olunan vəziyyətdə keçirir.

2,5-3,5 yaşlı uşaqlar bunu necə qarşılayır?

Hələ bir çox şeyin fərqində olmadığını zənn edib körpəlik çağındakı uşaqların boşanmadan ən az təsirlənəcəyi düşüncəsi səhvdir. Bu yaşdakı uşaqlarda boşanma sonrası diqqətə çarpan davranış dəyişiklikləri müşahidə edilmişdir. Daha çox ağlama, yuxu və bəslənmə pozuqluqları, oyuncaqlara qarşı marağını itirmə kimi davranışlar meydana çıxır.

4-6,5 yaşlı uşaqlarda bu təsir özünü necə göstərir?    

Ailənin dağılması faktına ağlamaqla, yuxu rejiminin pozulması ilə, yüksək həyəcan, dərketmə proseslərinin ləngiməsi və öz şəxsi oyuncaqlarına bağlılıq ilə müşayiət olunan emosional hallarla qarşılıq verirlər.   

Boşanmalar zamanı ən ağır travmanı məktəb yaşındakı uşaqlar alır. Uşaqlar bu yaşlarda özlərini ailənin mərkəz nöqtəsi olaraq görür. Bu işdə özlərini günahkar sayır. Uşaq “mən ağıllı olmadığım üçün, dostlarımı döydüyüm üçün” ana və atam mübahisə edir, buna görə  ayrılırlar. Bu yöndə olan düşüncələr onları rahat buraxmır. Nəticədə yenidən yatağını isladır, dırnaq yemə və bir çox problemlər meydana gəlir. Bununla yanaşı, yüksək narazıçılıq, aqressivlik, narahatlılıq və s. çətin emosional hallar yaşayırlar. Həmyaşıdları ilə ünsiyyətə girmir, bir növ özlərinə qapılırlar. Ən çox təsirlənənlər isə yeniyetmələr olur.

 Bəzən ana ya da atadan birinin tərəfini tutmaq məcburiyyətində olduqları düşüncəsiylə, digər tərəfə düşmənlik bəsləmə kimi davranışlar da ortaya çıxa bilir. Dərs müvəffəqiyyətləri azalır. İlk reaksiyaları, ümumiyyətlə, ana və atalarına daha məsafəli davranmağa başlamaları, valideynlərindən çox öz yoldaşları ilə vaxt keçirmələri və ailə içərisində yaşanan bu hadisədən ötəri ətraflarına qarşı utanc duyğusu bəsləmələridir.

Daxili travmalar yeniyetməlik dövründə xüsusi ilə özünü biruzə verə bilər. Bu cür uşaqlar çox vaxt diqqəti cəlb etmək üçün kobudluq edirlər. Beləliklə, natamam ailələrdə böyüyən uşaqlara özünü qeyri-adekvat qiymətləndirmə xasdır. Uşaqların yaşadığı bir çox psixoloji narahatlıq ana və atanın boşanmasından qaynaqlanır. Ana və ata ayrıldığında, uşaq istər istəməz özünü tək hiss edir və həyatının geri qalanı üçün böyük narahatlıqlara qapılır, bu da uşağın böyük psixoloji çətinliklər yaşamasına və normal psixoloji tarazlığın itməsinə səbəb olur.

         Uşaqlarda baş verən bu hallar depressiya, sosial fobiya, xəyal və gərçəyi ayırd edə bilməmək və hətta itirmək kimi təsirləri bərabərində gətirə bilir. Bu təsirlərin buraxdığı qalıcı izlər isə,  ümumiyyətlə, onların gələcəyinə mənfi təsir etdiyi kimi,  həyatlarının sonuna qədər də davam edə bilir.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÜNYADA ƏN ÇOX OXUNAN KİTAB QURANİ KƏRİM OLDU

Bu gün Ümumdünya kitab günüdür. 1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı...

Bağla