BÖYÜK AZƏRBAYCANLI FİLOSOF – ŞİHABƏDDİN YƏHYA SÜHRƏVƏRDİ

0

Azərbaycan tarix boyu böyük alimlər yetişdirmişdir. Belə ki, tariximizin hər dövrünə baxdıqda bunu rahat bir şəkildə görə bilərik. Böyük mütəfəkkirlərdən biri də XII əsrdə yaşamış Şihabuddin Yəhya ibn Həbəş ibn Əmirək əs-Sührəvərdi əl-Məqtuldur. Qısaca, Şihabəddin Sührəvərdi olaraq tanınan mütəfəkkir “İşraqiyyə”-işıq fəlsəfəsinin qurucusudur. Sührvərdinin etnik mənsubluğu haqqında fikir ayrılığı vardır. Lakin türkiyəli tədqiqatçı Hilmi Ziya Ülkən, onun, Azərbaycanda dünyaya gəldiyini, Rus tədqiqatçı V.A. Qordlesvski isə Sührəvərdinin etnik mənşəcə azərbaycanlı olduğunu bildirmişdir. Zakir Məmmədov və Malik Mahmudov da filosofun azərbaycanlı olduğunu qeyd etmişdir.

Sührəvərdi 1154-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhəri yaxınlığında yerləşən Sührəvərdi kəndində dünyaya gəlmişdir. İlk təhsilini ailəsindən aldıqdan sonra uşaqlıq və gənclik illərini Marağada keçirmişdir. Marağada olduğu müddət ərzində Fəxrəddin ər-Razinin müəllimi Məcduddin əl-Cilidən fəlsəfə və fiqh üsulunun incəliklərini öyrənmişdir. Sührəvərdi daha sonra təhsilini artırmaq məqsədilə İsfahana gedərək Zahiruddin əl-Qaridən məntiq elminin üsul və incəliklərini öyrənmişdir. Bəzi qaynaqlar Sührəvərdinin Fəxrəddin ər-Razinin məktəb yoldaşı olduğunu bildirir. Lakin bu nöqtədə diqqətli olmağımız vacibdir: Qaynaqlarda bildirilən məlumata görə Sührəvərdi və Fəxrəddin ər-Razi bir-birini əsərləri vasitəsi ilə tanıyırdılar (Kutluer, 2010: 38/36). Onu da qeyd edək ki, bu iki mütəfəkkirin şəxsən görüşdükləri haqqında dəqiq məlumat yoxdur.

Təhsilini başa vurduqdan sonra səyahətə çıxan Sührəvərdi, Anadolunun hər bir qarışını gəzmiş, həm təhsilini artımış, həm də bildiklərini xalqla paylaşmışdır. Gənc filosof eyni zamanda dövrün tanınmış şəxsiyyətləri ilə dərin əlaqələr qurmuşdur.

Filosofun həyatının ən parlaq dövrü onun, Anadoludan Suriyaya getməsi ilə başlamışdır. Belə ki, Şihabəddin Sührəvərdi 1183-cü ildə Hələbə gedərək burada Səlahəddin Əyyubinin oğlu əl-Məlikuz-Zahir ilə yaxın dostluq əlaqələri qurmuşdur. Tarixi qaynaqlarda yer alan məlumata görə əl-Məlikuz-Zahirin Muhyiddin ibn əl-Ərəbi ilə də yaxın dostluq əlaqələri olmuşdur. Bu da gənc filosofun düşüncələrində böyük izlər buraxmışdır (Ziai, 1992: 304-344).

Dərin zəkası və dövrün qabaqcıl elm və siyasət adamları ilə yaxın olması bir çox alimin Sührəvərdini qısqanmasına səbəb olmuşdur. Bu da son nəticədə haqsızlıq ucbatından gənc alimin 1191-ci ildə edam edilməsinə gətirib çıxarmışdır. Məhz buna görə klassik qaynaqlarda Şihabəddin Sührəvərdiyə “əl-Məqtul” deyilir (Şəhrəzuri, 1988: 375-392).

Sührəvərdinin Anadolu və Suriyada olduğu müddət çox məhsuldar keçmişdir. Filosof bu müddət ərzində əhəmiyyətli əsərlər də qələmə almışdır. Belə ki, Anadoluda olarkən Xarput əmiri İmaduddinin taxta keçməsi münasibəti ilə qələmə aldığı “Pərtəvnamə” adlı əsəri bu qəbildəndir. Bundan başqa “əl-Məşari əl-mutarəxat”“Hikmətul-işraq” əsərləri xüsusi çəkiyə sahibidir.

Sührəvərdi eyni zamanda “İşraqiyyə” fəlsəfəsinin də qurucusudur. O, “Hikmətul-işraq” adlı əsərində bu fəlsəfi sistemin xüsusiyyətlərindən bəhs etmişdir. İlk dövr sufiləri tərəfindən həmin fəlsəfi sistem sufi elminin əsaslarını açıqlayan elmi cərəyyan olaraq təfsir edilmişdir. Lakin son dövrlərdə “İşraqiyyə” fəlsəfəsini araşdıran alimlər, bu fəlsəfi sistemin sadəcə sufizmlə deyil, eyni zamanda məşşai fəlsəfəsi ilə də bağlı olduğunu sübut etmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏKKƏDƏ HƏCC MÖVSÜMÜ ÜÇÜN HAZIRLIQLAR DAVAM EDİR

Qurban bayramının və Həcc ibadətinin başlamağına saylı günlər qala Səudiyyə Ərəbistanında Həcc mövsümü üçün hazırlıqlar davam edir. Məkkə bələdiyyəsinin məruzəçisi...

Bağla