BÖYÜK ŞAİR VƏ TƏSƏVVÜF ALİMİ: EYNƏLQÜZAT MİYANƏCİ

0

Böyük azərbaycanlı şair və mütəsəvvif Əbul-Məali Abdullah ibn Əbi Bəkr Muhəmməd Miyanəci 1098-ci ildə Səlcuqlu dövlətinin mədəniyyət mərkəzlərindən biri olan Həmədan şəhərində dünyaya gəlmişdir. Şairin aid olduğu Miyanəcilər nəsli XI-XII əsrlərdə böyük alimlər və şairlər yetişdirən nəsillərdəndir. Şairin milli mənubiyyəti haqqında fərqli mülahizələr vardır. Bəzi klassik mənbələr onun İran əsilli (fars) olduğunu qeyd edir. Lakin bir çox alim isə onun azərbaycanlı olduğu fikri üzərində sabitqədəmdir (Məmmədov, 1994/54).

Eynəlqüzat Miyanəci ilk təhsilini Həmədan şəhərində almışdır. Daha sonra dövrün tanınmış alimləri olan Ömər Xəyyam, Əhməd Qəzali və Məhəmməd Cüveynidən təhsil alaraq fiqh, hədis, təfsir və fəlsəfə sahəsində biliklərini dərinləşdirmişdir. Eynəlqüzat Miyanəci fiqh və İslam hüququ sahəsində böyük uğur qazandığından ona, “ayn əl-qudat- qazilərin gözü” fəxri adı verilmişdir (Мамедов, 1993/66).

Eynəlqüzat Miyanəci dərin düşüncələrə sahib olan açıq fikirli alimlərdən biri olmuşdur. Xüsusilə, açıq fikirli olması onu, bir sıra ciddi ittihamlarla qarşı-qarşıya qoymuşdur. Şair bu ittihamlarla qarşılaşacağını və hətta edam ediləcəyini bilirdi. Belə ki, çox keçmədən Eynəlqüzat Miyanəci həbs edilmişdir. Bir zamanlar Həmədan şəhərinin baş qazısı vəzifəsində işləməsi, nəslinin tanınmış olması onu bu ittihamlardan xilas edə bilməmişdir. Bağdad şəhərində bir müddət qürbətdə qaldıqdan sonra doğulduğu həmədan şəhərinə gətirilən şair 1131-ci ildə təqribən 33 yaşında dərs dediyi mədrəsədə edam edilmişdir (Мамедов, 1993/102).

Eynəlqüzat Miyanəçinin əsas yaradıcılığı sufi-panteist fəlsəfəsi ilə əlaqədardır. Belə ki, o, öz fəlsəfi fikirlərini cəmiyyət içərisində yaymaq üçün şeirlərdən istifadə edirdi. Buna görə Eynəlqüzat Miyanəçi klassik mənbələrdə sufi şair olaraq tanınır. Tədqiqatçı Zakir Məmmədova görə Eynəlqüzat Miyanəçi Muhyiddin əl-Ərəbidən yarım əsr əvvəl sufi-panteist fəlsəfi sisteminin əsaslarını hazırlamışdır. O, şairin mənbələrinə istinad edərək bu fikrini sübuta yetirmişdir.

Qısa ömür yaşamasına baxmayaraq Eynəlqüzat Miyanəçi zəngin ədəbi-bədii irs buraxmışdır. Bu baxımdan şairin yaradıcılığını iki mərhələyə ayıra bilərik:

Birinci mərhələ şairin anadan olduğu tarixdən 24 yaşına qədər olan dövrü əhatə edir. Bu müddət ərzində dövrün tanınmış mədrəsələrində bir çox alimdən elm təhsil etmişdir. Şair həmin dövrdə fiqh, hədis, təfsir, kəlam və peripatetizmlə məşğul olmuş və qiymətli əsərlər yazmışdır.

İkinci mərhələ isə 24 yaşından başlayaraq şairin ölümünə qədər olan dövrü əhatə edir. Bu dövr eyni zamanda şairin yaradıcılığının zirvəsi hesab edilir. Eynəlqüzat Miyanəci “Zübdətül-həqaiq” (Həqiqətlərin məğzi), “Təmhidat” (Müqəddimə)“Qəribin şeirləri” adlı dəyərli əsərlərini məhz bu müddət ərzində qələmə almışdır. Yuxarıda qeyd edilən əsərlərdən qısaca bəhs etmək şairin fikirlərini daha yaxşı öyrənməkdə bizə kömək edəcəkdir.

“Zübdətül-həqaiq” (Həqiqətlərin məğzi)- Eynəlqüzat Miyanəci “Zübdətül-həqaiq” (Həqiqətlərin məğzi) adlı fəlsəfi-traktatını 24 yaşında yazmışdır. Əsər yüz fəsildən ibarətdir. Alim bu əsərdə öz sufi-fəlsəfi sistemini inşa edərək fikir və düşüncələri haqqında məlumat vermişdir.

“Təmhidat” (Müqəddimə)- Bu əsər şairin ən iri həcmli əsəridir. Təmhidatdakı fikirlərinə görə Eynəlqüzat Miyanəci ciddi təqiblərə məruz qalmışdır.

“Qəribin şeirləri”- Bu əsər şairin sonuncu əsəridir. Ölüm qabağı qələmə aldığı əsərdə şair sufi-fəlsəfi sistemini tam şəkildə formalaşdırmışdır. Həmçinin Eynəlqüzat Miyanəci əsərdə ibrətamiz hekayələrə, fəlsəfi və təsəvvüf yönlü şeirlərə yer verərək mövcud hadisələrə hansı prizmadan baxdığını açıqlamışdır. Lakin bu əsərlərdə yer alan sufi-fəlsəfi fikirləri dövrünün insanları tərəfindən doğru şəkildə başa düşülməmişdir. Bu da son nəticədə şairin ölümünə səbəb olmuşdur (Zakirqızı, 2007/30-36).

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏHİD POLAD HƏŞİMOV VƏ İLQAR MİRZƏYEVİN MƏZARLARI ZİYARƏT OLUNDU

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi, alban-udi...

Bağla