Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
İslamda cəmi iki bayram – Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Ramazan bayramı) bayramları qanuniləşdirilib. Qurban bayramında qurbanlıq heyvanların kəsilib ehtiyacı olanlara paylanması İslam dininin ən vacib sayılan əməllərindən biri kimi Quranın tələb etdiyi ibadətdir.
Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
İslam dini Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı: bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də İslam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə – Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Quranda deyilir: “Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccə), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!” (Quran, 5-ci surə, 97-ci ayə).
Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş – müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar – bu, böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.
Qurbanlıq heyvan şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan insаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirmək savabdır. Qurban kəsməyə imkаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdu. Lakin Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.
Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda 31 iyul və 1 avqust qeyd edilir.
Trend.az