CƏHƏNNƏMİN SUSMASI

0

Peyğəmbər aleyhissalam əfəndimiz bir hədisində belə buyurur: “Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və üsyankar cinlər zəncirlənir, Cəhənnəmin bütün qapıları bağlanaraq heç bir qapısı açılmır. Cənnətin bütün qapıları açılaraq heç bir qapısı bağlanmır. Bir carçı belə səslənir: “Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan! Allahın oddan azad etdiyi kimsələr var və bu, hər gecə belədir” (ət-Tirmizi, 682).  Bu hədisdə qeyd olunan “Cəhənnəmin bütün qapıları bağlanaraq heç bir qapısı açılmır” ifadəsini izah etməkdə fayda var;

Hər bir müsəlman bilir ki, axirət günü insanlar ya cənnətdə, ya da cəhənnəmdə bərqərar olacaqlar. Bəs bu iki məkan (cənnət və cəhənnəm) varmı hal-hazırda? Bəli, qiyamət günündən öncə bu iki məkan mövcuddur. Bir ayədə Cəhənnəm haqqında Rəbbimiz belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!”. Bu ayədə açıqlandığı kimi, insanların özləri və əməlləri elə cəhənnəmin atəşi və əzabı(nı artıran vasitə) sayılır. Deməli, insanlar pis əməl işlədikdə cəhənnəmin atəşi artır və daha çox qızışıb yanmağa başlayır. Allahın rəhməti sayəsində Ramazan ayında insanlar pis əməl etsələr də cəhənnəm atəşində artma olmur. Bunun əksinə cənnət bağçaları daha da gözəlləşir. Məlum olduğu kimi insanın yaxşı əməlləri və zikrlər sayəsində cənnətdə ağaclar, qəsrlər və başqa gözəlliklər əmələ gəlir (Tirmizi, Davat, 60). Bir hədisdə belə buyurulur: “Kim haqlı olduğu halda mübahisəni tərk edərsə (sonlandırarsa) ona cənnətin ortasında bir köşk inşa edilər”  (Əbu Davud, Ədəb, 8). Belə çıxır ki, insanların pis əməlləri cəhənnəmi qızdırıb alovlarını yüksəltdiyi kimi, yaxşı əməllər də cənnətin təravətini artırır. Ramazan ayında isə cənnət gözəlləşməyə davam edir, buna baxmayaraq cəhənnəm alovları artmır, bəlkə də azalır və soyuyur, çünki bir ay ərzində cəhənnəmin yanacağı kəsilir. Cəhənnəm atəşinin və əzabının dünyaya hal-hazırda (qiyamətdən əvvəl) verdiyi mənfi təsir, cazibəsi və pis enerjisi var (Naziat 36). Bu mənfi enerji Ramazan ayı boyunca kəsilir və insanları narahat etmir.

Ramazan ayı hər baxımdan rəhmət ayıdır. Cəhənnəmin “susdurulması” da bu rəhmətin əsəri sayılır. Əlimizdən gəldiyi qədər cənnəti özümüz üçün gözəlləşdirmə fürsəti olan Ramazan ayı, eyni zamanda cəhənnəmdən uzaqlaşmağın da mövsümüdür.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜCLÜ KÜLƏK AXŞAMA DOĞRU ZƏİFLƏYƏCƏK

Ölkə ərazisində davam edən küləkli hava şəraiti axşama doğru zəifləyəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib....

Bağla