CƏMİYYƏT QURAN MƏSCİD

0

Cəmiyyəti vəhdət halında saxlayan amillərin başında dil və din gəlir. Cəmiyyətdə doğru din anlayışının kök salması üçün vətəndaşlara kiçik yaşdan etibarən səhih təməllərə dayanan din tərbiyəsinin verilməsi labüddür. Cəmiyyətdəki fərdlərin ruh yüksəkliyi əsasən iki şeylə əlaqəlidir; maddi imkanlar və mənəviyyat. Maddi imkanların yüksək olması cəmiyyətin rifah səviyyəsini qısa və orta müddətli artırsa da, uzun müddətli rifah səviyyəsi yüksəlişinin ən təməl prisipi mənəviyyatdır. Mənəviyyatını itirən xalqlar sərxoş insanlar kimidir. Mənəviyyat dediyimizdə nəzərdə tutduğumuz şey doğru mənbədən öğrənilən ilahi dinin insana bəxş etdiyi elə bir qüvvədir ki, bu qüvvə ilə fərd özünü Rəbbi ilə birlikdə hiss edir və həyatın mənasını qavrayaraq axirətə hazırlanır. Cəmiyyətdə güclü mənəviyyat havasının əmələ gəlməsi üçün məscidlərin yeri danılmazdır. Məscidlərin qurulması və qorunması cəmiyyətin sarsılmaz təməllər üzərində inşa edilməsində əhəmiyyətli yerə sahibdir. Məscidlərdə cəmiyyətin əldə edə biləcəyi mənəviyyat köklərini belə sadalaya bilərik; gündəlik namazların qılınması, dini mərasimlərin (nikah, cənazə və s.) keçirilməsi, dinin səhih mənbədən öyrəniləməsi, vaz və nəsihətlərin verilməsi, mənəviyyatı gücləndirmək adına icraatlar (etikaf, dərslər və s.), salamlaşma və ünsiyyət bağlarının güclənməsi və s.

Sadalanan məsələlər cəmiyyətin formalaşması və inkişafı yolunda əvəzsiz yerə sahibdir. Yaxşı, gəlin indi sayaq görək, məscidlər olmadığı zaman cəmiyyətdə nələr baş verir; dini inancların tətbiqində pərakəndəlik və qeyri-sabitlik, dini inancların öyrənilməsində “dərəbəylik”, dini mərasimlərin keçirilməsində yaşanan problemlər, cəmiyyətdə dostluq və yardımlaşma bağlarının zəifləməsi, gənc nəslin özünü dərk prosesində ləngimə, intiharların artışı  və s.  

Məscidlər hər şeydən əvvəl cəmiyyətin pənahgahı, əzan səsləri isə millətin vicdan səsidir. Məcsdilərin daima açıq və fəal olması cəmiyyətin mənəvi olaraq diri və sağlam qalmasını təmin edir. Fəallıq göstərməyən məscidlər, yaxud fəaliyyətinə məhdudiyyət qoyulmuş məscidlər cəmiyyətin mənəviyyatına məlhəm yaxa bilməz. Cəmiyyətdəki mənəvi böhranlardan çıxış yolu və ən təsirli çarə, məhz məscidlərdə oxunan və öyrədilən Qurandır. Gənc nəsillərə öyrədilən Quranın nuru və bərəkəti cəmiyyəti işıqlandıran şölədir, həmçinin cəmiyyətin dərinliklərində qatılaşmış cəhalət buzlarını əridən atəşdir. Quran tədrisi və tətbiqi olmadan cəmiyyətin mənəviyyatı yüksələməz. Quran tədrisinin icra edildiyi ən əsas yer isə əlbəttə ki, Allahın evləri sayılan məscidlərdir. Cəmiyyət quran məscidlər “dustaq”, ”tənha”, “muzey” halına gətirilməməli, tam əksinə ona lazımınca diqqət göstərilməlidir ki, cəmiyyət mənəviyyatsız qalmasın.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN SƏFİRİNİN CÜMƏ NAMAZI PAYLAŞIMI

Pandemiya barədə məhdudiyyətlərin ləğv olunmasından sonra Azərbaycanda ilk cümə namazı qılınıb. Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı bu...

Bağla