Dinimizdə namazların camaatla qılınması təşviq edilmişdir. Uca Allah camaatla namaz qılmağa o qədər dəyər verib ki, yalnız adi vaxtlarda deyil, müharibə kimi fövqəladə hallarda da əsgərlərin necə namaz qılmalı olduğunu Qurani-Kərimdə izah edib. (Nisa,102)
Bir gün Osman b. Əffan (r.a) yatsı namazına gəldi. O, məsciddə çox insan olmadığını görüb, məscidin arxasında gözlədi. O zaman İbn Əbi Amr gəlib Osmanın yanına oturdu. Osman (r.a) dedi: “Qardaşımın oğlu! Mən Allahın Rəsulunun (s.a.v) belə dediyini eşitdim: “Gecə namazını camaatla qılan şəxs, sanki gecənin yarısını namaz qılaraq keçirmişdir. Sübh namazını camaatla qılan şəxs isə sanki bütün gecəni namaz qılaraq keçirmişdir.” (Müslim, Məsacid, 260)
Allahın Rəsulu (s.a.v) bu məsələni ciddi şəkildə vurğulayıb və möminlərin mühüm bəhanələri olmadığı təqdirdə mütəmadi olaraq camaata qoşulmalarını istəyib. Bir gün Abdullah b. Ümmi Məktum (r.a) gəlib dedi: “Ey Allahın Rəsulu! Mən koram və evim məsciddən uzaqdır. Evdə namaz qılmaq üçün icazə varmı?” Peyğəmbər (s.a.v) soruşdu: “Azanı eşidirsənmi?” O “Bəli” deyəndə, Allahın Rəsulu dedi: “Sənin üçün bəhanə tapa bilmirəm” (Əbu Davud, Salah, 552)
Adətən kor olmaq camaata qoşulmamaq üçün qəbul edilən bir bəhanədir, lakin bu hadisə mütəmadi olaraq camaata qoşulmanın əhəmiyyətini göstərir. Buna baxmayaraq, kor insanlar da mümkün qədər camaata qoşulmağa çalışmalıdırlar ki, camaatın fəzilət və mükafatlarından məhrum olmasınlar.
Allahın Rəsulu (s.a.v) camaata qoşulmaqda laqeydlik göstərənlərə belə xəbərdarlıq edir:
“Kim azanı eşidər, amma məscidə (camaata) gəlməzsə, onun namazı (kamillik baxımından) qəbul edilmir, əgər məqbul bir bəhanəsi yoxdursa” (İbn Macə, Məsacid, 17).
Bir dəfə Peyğəmbərin (s.a.v) səhabələri soruşdu: “(Ey Allahın Rəsulu!) Nə bəhanədir?” Peyğəmbər (s.a.v) cavab verdi: “Qorxu və ya xəstəlik!” (Əbu Davud, Salah, 46/551)
Bu və bənzər hədislərə əsaslanaraq, müsəlman alimlər camaata qoşulmamağı məqbul edən “bəhanələri” belə sıralamışlar:
– Gəzə bilməyəcək qədər xəstə olmaq, şikəst olmaq
– Çox qoca olmaq,
– Kor olmaq,
Bunlardan başqa, mühüm şəxsi bəhanələr camaata qoşulmamağı məqbul edə bilər. Məsələn, evdə xəstə bir şəxsə baxmaq bunlardan biridir. Camaatla namaz qılmağa bu qədər əhəmiyyət vermək inananları qurtuluşa yönəltmək üçündür. Çünki camaat əbədi qurtuluşun ən mühüm vasitələrindən biridir. Həqiqətən də, camaatla namaz qılmaq “fəlah” (qurtuluş) adlanır, çünki bu, yaxşılığın davamını və əbədi qurtuluşu təmin edir.
Rəşad Manafov