CAN VƏ MAL

0

Bu fani dünyaya imtahan üçün göndərilən insan oğluna lütf edilən dəyərlərin başında ilk öncə “can və mal” gəlir.

Möminlər bu dəyərləri ciddi məqsədlər və ülvi ideallar uğrunda istifadə  etməyə məcburdurlar. Allah Təalanın insan oğluna lütf etdiyi can və mal kimi hər cür imkan bir əmanətdir. Bütün nemətlər Ondandır və Ona aiddir. Buna görə də arif olan könüllərin Haqqa qarşı duyğuları daim: “Alan Sən, verən Sən, qılan da Sənsən!..” ifadələri istiqamətində olmuşdur. Allahın Ona yaxınlaşmaq üçün verdiyi nemətləri Allah təalanın əmrinin əksinə, səhv yerdə istifadə edənlər üçün isə acı bir ilahi xəbərdarlıq vardır. Bu barədə ayədə belə buyurulur:

“(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (ət-Tövbə, 24)

Ayəyə görə, dünya həyatında bizə imtahan üçün əmanət edilən can və mal nemətlərini ilahi riza yolunda istifadə etmək Allaha və Həzrət Peyğəmbərə qarşı olan sevginin ən  gözəl təcəssümüdür.  Çünki sevən, sevdiyinin uğrunda sevgisi ölçüsündə fədakarlıq etməyi ən böyük zövq olaraq ifa edər. Bu hal sevginin şiddəti nisbətində ürəkdən ediləcək fədakarlıqlara qədər uzanar.

Belə ki, Əbu Musa əl-Əşarinin (r.a) oğlu Əbu Bəkir sevənin sevdiyi uğrunda öz canını heç düşünmədən və böyük bir istəklə fəda edə biləcəyini göstərən bu möhtəşəm hadisəni belə nəql edir:

“Atam Əbu Musa düşmənin qarşısında dayanmış vəziyyətdə belə deyirdi:

– “Rəsulullah (s.ə.s.): “Şübhəsiz cənnət qapıları qılıncların kölgəsindədir”, – buyurub”.

Bu sözləri eşidəndən sonra üst-başı toz-torpaq içində olan bir nəfər ayağa qalxaraq:

– “Ey Əbu Musa! Bu sözü Rəsulullah (s.ə.s.) söyləyərkən eşitdinmi?” – deyə soruşdu. Əbu Musa:

– “Bəli, mən eşitdim” – deyə cavab verdi. Bunu eşidən  şəxs dostlarının yanına qayıdaraq:

– “Sizi salamlayıram!” dedi və qılıncının qınından sıyırdı. Sonra əlindəki qılıncla düşmənin üstünə hücum etdi və şəhid olana qədər düşmənlə vuruşdu (Müslim, İmarə, 146, 146; Tirmizi, Fəzailul-Cihad, 23/1659)

Səhabələr üçün Allah Rəsulunun bir söz söyləməsi kifayət idi.  Artıq o söz uğrunda fəda edilməyəcək heç bir fani ləzzət yox idi. Həyatlarını bir göz qırpımında fəda etməyə hazır idilər.

İman sayəsində qəlbin üfüqləri açılır. Belə olduqda can və mal Haqqın razı olacağı ən doğru yerlərə comərdliklə, sevə-sevə sərf edilir.

İmanlı zənginlər sərvətlərini elmə, əxlaqa və xüsusilə, özlərini Quran xidmətinə həsr edənlərə səfərbər etməli, ehtiyac sahibləri ilə maraqlanıb onların dərdlərinə şərik olmalıdırlar. Mal və canı lüzumsuz yerə sərf edənlər Allahın vermiş olduğu nemətlərin ziyanlığı içindədirlər. Allah təala bu qəflətə düşənlərin faciəli aqibətini ayədə belə bəyan edir:

Beləliklə, əsl mərifət, comərdlik və qədr-qiymət bilməklə könlü dərya halına gətirib Haqqın lütf etdiyi nemətləri və dünya alış-verişini axirət zənginliyinə çevirməkdir. Bu baxımdan, malın xeyirlisi sahibindən əvvəl axirətə göndərilən, canın xeyirlisi də Allah rizası üçün istifadə ediləndir.

Belə ki, Əbu Zərr (r.a.)-a aid bu hikmətli sözlər, eyni zamanda bir möminin dünya nemətlərinə baxış tərzinin necə olmalı olduğunu  çox gözəl ifadə edir:

“Bir malda üç ortaq vardır. Birincisi, mal sahibi, yəni sən, ikincisi isə qəzavü-qədərdir. O, xeyir, yoxsa fəlakət və ölüm kimi şər gətirəcəyini sənə məsləhət etməz. Üçüncü ortaqsa  varisdir. O da bir an əvvəl başını yerə qoymağını (yəni ölümünü) gözləyər, öldüyün vaxt malını alar, sən də hesabını verərsən. Əgər gücün çatarsa, sən bu üç ortağın ən acizi olma!

Allah-təala: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız…” (Ali- İmran, 92)buyurur. Məhz mənim ən sevdiyim malım bu dəvəmdir, (axirətdə qarşıma çıxması üçün)  onu özümdən əvvəl sədəqə olaraq göndərirəm.” (Əbu Nuaym, Hilyə, I, 163)

Demək ki, Allahın lütf etdiyi nemətlər bəndəni Rəbbinə yaxınlaşdıracaq bir əbədiyyət işığı olmalıdır. Çünki can və mal nemətləri Allah yolunda sərf edildiyi vaxt Quranın ifadəsi ilə desək, bir “zinət” halına gələr, əks halda isə “fitnə”yə çevrilər.

Allah Rəsulu (s.ə.s.) ümmətinin gələcəkdəki fitnəsi haqqında belə buyurur:

“Hər ümmətin bir fitnəsi vardır. Mənim ümmətimin fitnəsi də, təəssüf ki, malıdır.” (Tirmizi, Zöhd, 26/2336)

Bizim üçün bir imtahan olaraq verilmiş can və mal nemətlərini doğru istifadə etmək haqqında çox sayda ilahi xəbərdarlıqlar vardır:

Günlərin bir günü səhabələr Allah Rəsulundan (s.ə.s):

– “Ya Rəsulallah! Xeyirli insan kimdir?” – deyə soruşdular.

Allah Rəsulu (s.ə.s):

– “Canı və malı ilə Allah yolunda çalışan mömindir” –buyurdu. (Buxari, Cihad, 2; Müslim, İmarət, 122)

Ayələrdə və hədisi-şəriflərdə ifadə olunan can və mal vasitəsilə cihad etməkdə məqsəd yalnız qılınc müharibəsi deyildir. Qılınc zülmü ortadan qaldırmaq, haqqı bərpa etmək kimi zəruri hallarda istifadə edilən bir dəmir parçasıdır. Əsas qələbə könüllərin fəthidir. Necə ki, cihadla əlaqədar olan ayələrin endiyi Məkkə dövründə möminlərin hərbi gücü yox idi. Allah təala müsəlmanlara Qurani-Kərimlə böyük bir cihad etmələrini əmr edərək belə buyururdu:

Qurani-Kərimdə insanları hidayətə qovuşdurmaq məqsədi ilə “Allah yolunda cihad etməyə” dair çox sayda ifadə vardır. Ancaq bunların məhdud bir hissəsində real münaqişə olan qətldən bəhs edilir. O da zərurət halındadır. İslamda müdafiə və ya ilayi-kəlimətullah, yəni Allah kəlməsini ucaltmaq məqsədi xaricində bir müharibə yoxdur. Sırf torpaq əldə etmək üçün edilən müharibələr bəşəriyyətin üz qarasıdır və bir zülmdür. Qurani-Kərimdə belə buyurulur:

Maddi vəziyyətindən asılı olmayaraq hər bir mömin Allah Rəsulunun gözəl həyatını özünə nümunə götürməlidir. Çünki Allah Rəsulu (s.ə.s) varlıqda da, yoxluqda da comərdliyin zirvəsində idi. O, səhabələrin arasında yoxsul-varlı ayrı-seçkiliyi etməz, əksinə, comərdlik və infaq etməyə təşviq edərdi.

Rəsulullah (s.ə.s) səhabələrinə dini bir məqsəd üçün yardım təklifi edəndə qadınlar və hətta kiçik qız uşaqları belə zinət əşyalarını ortalığa tökər, sırğalarını, bilərziklərini, boyunbağılarını çıxardaraq könüldən fədakarlıq edərdilər.

Bu infaq həyəcanını yaşayanlardan biri də Əbu Aqil əl-Ənsari (r.a.) olmuşdur. Belə ki, o da bir miqdar xurma üçün bütün gecəni kürəyində su daşımış, qazancının yarısını ailəsinin ehtiyacı üçün ayırıb, digər yarısını Allahın rizasını qazanmaq ümidi ilə Rəsulullaha (s.ə.s) gətirmişdi. (Təbəri, X, 251)

Sədəqənin miqdarı xüsusunda əsas götürülən ölçü hər kəsin öz gücü nisbətindədir. Onun Haqq qatında qiymətini müəyyən edən isə infaqdakı fədakarlığın dərəcəsi və qəlbdəki comərdliyin ölçüsüdür.

Hədisi-şərifdə belə buyurulur:

“Kimin axirətdən narahatçılığı olarsa, Allah zənginliyi onun qəlbinə yerləşdirər, işlərini düzəldər və dünya ona boyun əyərək gələr. Hər kim də dünya üçün narahat olarsa, Allah yoxsulluğu onun gözü qabağına qoyar, onu pərişan edər və bu dünya da ona ancaq təqdir edildiyi qədər boyun əyərək  gələr”. (Tirmizi, Qiyamət, 30/2465)

Bu dünyanı şüursuz şəkildə mal-dövlət yığmaq həvəsi içində keçirənlərin məzar səfərinə çıxdıqları vaxt ovuclarında torpaqdan başqa bir şey tapa bilməmələri çox həzindir. Həyat beşik ilə tabut arasında dar bir dəhlizdə yolçuluğa bənzəyir. Dünya və axirət səadəti beşiklə tabut arasına pərçimlənən insan idrakının ölüm bilməcəsini həlli ilə başlar. Bu müəmmanı dərk edə bilən fəzilətli və könlü zəngin möminlər var-dövlətlərini qəlblərinə salmaz, bunun sayəsində ömür fəslindəki əxlaqi fəzilətlər, xeyirxah əməllər və unudulmaz gözəlliyə malik xatirələr qoyar, ardından da rəhmətlə yad edilərlər.

O möminlərə müjdələr olsun ki, qəlblərinə imanı, sinələrinə Quranı, vicdanlarına gözəl əxlaqı yerləşdirib əbədi səadətin baharı içində yaşayırlar. Halal yolla qazanıb sərvətlərini Allah yolunda sərf edirlər. Salehlərlə birlikdə olub onların hallarından feyz, hikmətlərindən də nəsib alırlar. Özlərini insanların hidayəti üçün Haqqa həsr edən əhli-iffət yoxsulları sevər və onları möhnət altında qoymadan Haqq rizası üçün ehtiyaclarını təmin edər, onlara xidmət göstərərlər. Nəfslərini təmizləmə səyi içində olduqlarından, xasiyyətlərini islah edib gözəlləşdirərkən könüllərini ilahi feyzlərlə doldurarlar. “…Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” (əl-Bəqərə, 219) əmrində buyurulduğu kimi imkanlarını Haqq yolunda xərcləyərlər. Əmanətə diqqət edər, əhdə vəfa göstərərlər.

Allah təala bizi də xeyirlərin açarı, şərlərin kilidi olan o bəxtəvər bəndələr sırasına daxil etsin. Ömrün qısa günlərini axirətin əbədi həyatı üçün sərf edərək əbədiyyət yurduna alnıaçıq, üzüağ  getməyi hamımıza nəsib etsin!

Amin!..

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAMANIN QİYMƏTİNİ BİLİRİKMİ?

Alman dili kursundayam. Çox ciddi olan müəllim xüsusilə zaman mövzusunda güzəştə getməyi xoşlamırdı. Həftə ərzində kimin neçə dəqiqə gec gəldiyini...

Bağla