“Çanaqqala zəfəri”nin 106-ci ildönümüdür. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib.
Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmləkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirdilər.
Qələbə türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-də “Çanaqqala zəfəri” kimi qeyd edilir.
Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib.