Azərbaycan və Türkiyə arasında sərbəst ticarətin təmin edilməsi üçün işlər görülür.
Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.
O qeyd edib ki, iki ölkə arasında güzəştli ticarətlə bərabər sərbəst ticarətin təmin edilməsi məqsədilə müzakirələr aparılıb: “Bu gün bu məsələ barəsində müzakirələrin aparılması üçün danışıqlar apardıq”.
C.Yılmaz bildirib ki, hazırda Türkiyədə 3 minə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.
Türkiyə rəsmisi əlavə edib ki, Azərbaycanın işğaldan azad edilən əraziləri də daxil olmaqla bu günə qədər 19,3 milyard ABŞ dolları dəyərində 526 layihəni Türkiyənin podratçı şirkətləri öz üzərinə götürüb:
“Hansı ölkədə olmasından asılı olmayaraq podratçı şirkətlərimizin bu işlərin öhdəsindən gələcəyinə inanırıq. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasında türk özəl sektorunun kənd təsərrüfatından turizmə qədər önəmli rol oynayacağına inanırıq”.
Xatırladaq ki, Azərbaycanla Türkiyə Hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri 2021-ci ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.