Yeni Zelandiyada iki məsciddə törədilən, 51 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsinin il dönümüdür.
Xatırladaq ki, avstraliyalı Brenton Harrison Tarrant Yeni Zelandiyanın Kraytsçerç şəhərində 2019-cu il martın 15-də “Nur” və “Linvud” məscidlərinə silahlı hücum etmişdi. Hücum vaxtı terrorçu avtomat silahla cümə namazı qılan möminlərə atəş açmış və törətdiyi əməli sosial şəbəkə təqibçilərinə izlətmişdi. Terror hadisəsi nəticəsində 51 namaz qılan günahsız insan şəhid olmuş, 49 nəfər isə yaralanmışdı.
Ötən il İslam Əməkdaşlıq Təşkilatı (İƏT), onlarla günahsız müsəlmanın qətlə yetirildiyi terror hadisəsinin il dönümündə bəyanat yayaraq 15 mart tarixinin “İslam düşmənçiliyinə qarşı beynəlxalq həmrəylik günü” elan edilməsi üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət etmişdi.
BMT İnsan Hüquqları Ali Şurasıl və Avropa Şurası İnsan Hüquqları Komisarlığına ünvanlanan müraciətdə, dini nifrət, düşmənçilik və zorakılıq hallarına nəzarət olunması üçün müşahidə missiyasının qurulması tələb edilmişdi.
Bəyanatda, dəhşətli terror hadisəsinin pislənməsi və qurbanların ailələri ilə həmrəylik içində olunması istənib.