CÜMƏ GÜNÜNÜN ƏHƏMİYYƏTİ

0

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: خَيْرُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْسُ يَوْمُ الجُمُعَةِ

Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Günəşin doğduğu günlərin ən xeyirlisi cümə günüdür…“. (Müslim, Cümə, 5; Tirmizi, Cümə, 1)

Bu hədisi-şərif cümə gününün digər günlərdən daha önəmli bir gün olduğunu xəbər verir. Cümə gününü başqa günlərdən fərqləndirən ən əsas səbəb ibadətlər içində çox böyük əhəmiyyətə malik olan cümə namazının o gün qılınmasıdır. Cümə günü müsəlmanlar cümə namazı qılmaq üçün bir yerə toplaşır, birlikdə ibadət edirlər. Bunun sayəsində Allah-Təala onların bir hissəsinin duasını qəbul edir, bir hissəsinin də günahlarını bağışlayır. Odur ki, Ramazan ayı digər ayların sultanı olduğu kimi, cümə günü də günlərin sultanı sayılır.

Cahiliyyə dövründə cümə günü “Ərubə günü” adlanırdı. İslam dini gəldikdən sonra müsəlmanlar həmin gün məscidlərə toplaşıb camaat halında Allaha ibadət etdikləri üçün Ərubə gününə “Cümə”, yəni “cəmləşmə, toplaşma” günü adı verildi. Cümə günü İslamdan əvvəlki ümmətlərə də ibadət günü kimi verilmişdi. Ancaq onlar bu barədə ixtilafa düşdülər. Yəhudilər yaradılışın gerçəkləşmədiyi şənbə gününü, xristianlar isə yaradılışın başladığı bazar gününü cəm halda ibadət günü olaraq seçdilər. Allah-Təala müsəlmanlar üçün yaradılışın tamamlanıb kamala çatdığı cümə gününü yenidən böyük ibadət günü olaraq təyin etdi. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Allah-Təala bizdən əvvəlkiləri cümə günündən azdırdı (cümənin dəyərini itirdilər). Şənbə yəhudilərin, bazar isə xristianların oldu. (Sonra) Allah-Təala bizi (dünyaya) gətirdi və cümə gününü bildirərək hidayətə qovuşdurdu. Beləliklə, şənbə və bazar günləri cümə gününün ardınca gəldi. Eyni ilə onlar da qiyamət günü bizdən arxada olacaqlar. Biz dünya əhlinin sonuncusu, qiyamət əhlinin birincisiyik”. (Buxari, Cümə, 12)

Cümə namazının İslam tarixində çox böyük dəyəri və əhəmiyyəti vardır. Tarixi mənbələrin yazdıqlarına görə, Rəsulullah (s.ə.s) hicrət vaxtı Kubadan Mədinəyə hərəkət etməkdə idi. Ranuna vadisindən keçdiyi zaman günorta namazının vaxtında cümə namazının fərz olduğunu əshabına xəbər verdi. Orada cümə namazını qılıb, xütbə söylədi. Bu, İslam tarixində qılınan ilk cümə namazı idi. O gündən etibarən həddi-büluğa çatmış, ağıllı, azad olan bütün müsəlman kişilərə cümə namazı fərz olmuşdur.

Nəticə olaraq Allah-Təala öz bəndələrinə belə müstəsna fürsətlər verərək onlara qarşı olan sevgisini göstərmiş və axirəti qazanmaları üçün bu fürsətlərdən istifadə etmələrini istəmişdir. İslama görə həftənin ən fəzilətli və bərəkətli günü olaraq qəbul edilən cümə gününü, yəhudilik və xristianlıqda olduğu kimi, tətil olaraq keçirmək, həmin gün işləməmək doğru qəbul edilməmişdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SÜNNƏNİN DİNDƏKİ YERİ

Qurani-Kərim Uca Allah qatından insanlara öyüd-nəsihət olaraq endirilmiş son ilahi kitabdır. İçində hər şeyin açıqlaması vardır və insanlar üçün doğru...

Bağla