DƏYƏR (SİZSİNİZ)?!

0

“Ülgüc itidir, ancaq ağacı kəsə bilməz. Balta güclüdür, ancaq saçı kəsə bilməz. Hər kəs öz xüsusiyyətinə görə dəyərlidir. Əgər ayaqqabılarına heyran deyilsənsə, heç kimin qarşısında başını əymə. Sadəcə səni bu dünyada dəyərli bir insan kimi yaradan uca Rəbbinin qarşısında öz şükür borcunu əda etmək üçün başını əy!..”

İnsan, dəyəri bilindiyi yerdə dəyərlidir. Yerini və məkanını doğru seçməyib, olduqları yerdə istədikləri dəyəri ala bilməyənlər dəyərsiz olduqlarını düşünür. İnsanın bu şəkildə özünə qarşı mənfi münasibəti özünə edə biləcəyi ən böyük haqsızlıqdır. Bir halda ki sən həqiqi mənada dəyərli olduğunu bildiyin halda insanlar tərəfindən biçilən dəyəri kifayət görmürsən və sənə həqiqi dəyərin verilməyini istəyirsən, o zaman dəyərin bilinən yerdə olmalısan. Bu məsələdə insanın atması lazım olan ilk addım yerini doğru seçməsidir. “Hər daş öz yerində ağırdır” məsəlinə uyğun olaraq yerində olmayan hər şey başqa yerdə öz ağırlığını ortaya qoya bilmir və dəyərsiz bir obyekt kimi qəbul edilir. Evin pəncərələrinin yerinə qapı, qapının da yerinə pəncərə qoyularsa, bunlardan heç biri öz funksiyasını həqiqi mənada icra edə bilmədiyi üçün əhəmiyyətsiz bir əşyaya çevrilər. Hər biri öz yerinə yerləşdirildiyi zaman isə nə qədər əhəmiyyətli və dəyərli əşyalar olduğu ortaya çıxar.

Bu dünyada dəyərsiz heç nə yoxdur, sadəcə dəyərini bilməyən və dəyəri bilinməyənlər var. Bir şeyin dəyəri o zaman yaxşı bilinir ki, o öz potensialına uyğun olaraq maksimum dərəcədə istifadə edilir. Potensialı bilinməyən bir gücdən isə maksimum istifadə etmək mümkün deyil. Öz daxili xəzinəsindən xəbərsiz olanlar bu dünyada səfalət içərisində yaşamağa məcbur olur. İstər iş qabiliyyətini düzgün dəyərləndirən, istərsə də özünə xas xüsusiyyətləri kəşf edən insanlar isə belə bir problemlə qarşı-qarşıya qalmır. İstənilən çətin situasiya qarşısında düzgün qərarlar verərək problemin həllində müvəffəq olurlar.

Hər birimizin ətrafında, bəlkə də, onlarla öz dəyərini bilməyən insan var. O insanlar ki, heç bir işə yaramadığını, insanlar tərəfindən qəbul edilmədiyini və hətta öz əzizləri tərəfindən belə sevilmədiklərini iddia edir. Yeniyetməlik yaşlarında ortaya çıxan dəyərsizlik sindromunun ilkin simptomları əslində son uşaqlıq dövründə özünü göstərməyə başlayır. Çox xırda diqqətsizlik və hiperaktiv davranışlarına görə uşaqlar yaxınları tərəfindən böyük mənəvi və psixoloji zərbələrə məruz qalır. Valideynləri tərəfindən davamlı olaraq heç bir işə yaramayacağı ittihamları ilə günahlandırılan fərdlər yavaş-yavaş buna inanmağa başlayır. Uşaq yaşlarında özünə ən yaxın bildiyi insanlar tərəfindən bu kimi ifadələri eşidən fərd, artıq inanmağa başlayır ki, deməli, mən mənə ən yaxın olan insanlar tərəfindən bu şəkildə qiymətləndirilirəmsə, o zaman başqa insanlar da məni bir işə yaramayan dəyərsiz bir insan kimi görəcəklər. Özü haqqında davamlı neqativ fikirlərdə olan fərd konkret hədəflər müəyyən etməkdə çətinlik çəkdiyi kimi, bir yerdə qərar tutmağa da nail ola bilmir. Fərdlərin gələcək həyatının məhv olmaması üçün cəmiyyətimizdə istər ailə institutunun, istərsə də təhsil sisteminin üzərinə böyük və məsuliyyətli işlər düşür.   

İnsanın hər bir xüsusiyyəti ilə nə qədər dəyərli olduğu ona ailədə hiss etdirildiyi kimi, orta məktəb illərində də müəllimlər tərəfindən hiss etdirilməlidir. Əks təqdirdə ailədə qardaş və bacılarına, məktəbdə də başqa sinif yoldaşlarına dəyər verilib özü kənarda qalan uşaqların gələcəyi əsas sütunları olmayan bir bina kimi inşa edilmək məcburiyyətində qalır. Bu işdə nə qədər çalışılsa da, təməl sütunlar (dəyər, etibar və hörmət) fərdin daxili motivasiya sistemində formalaşmadığı üçün şəxsiyyətin inşası keyfiyyət baxımından zəif olur və ya heç mümkün olmur.

Bu baxımdan valideynlər dünyaya gətirdikləri zaman dəyər verib bayram etdikləri övladlarına hər yaşda dəyər verərək onların gələcək həyatlarını da bayram kimi yaşamaları üçün şərait yaratmalıdırlar. Cəmiyyətdə öz dəyərini bilən insan öz yerini də biləcək. Öz yerini bilməyən insanlar isə öz dəyərlərini bilməyən insanlardır.

Nəticə etibarı ilə deyə bilərik ki, “ola bilsin ki, bu dünyada hər birimiz sadəcə bir insanıq, amma kimin üçünsə: bütün bir dünyayıq!” Bu şüur və düşüncə ilə öz həyatını formalaşdıran bir fərd heç bir zaman dəyərsiz olduğunu düşünə bilməz.

Son olaraq unutmayın, bu dünyaya insan olaraq gəlməyi bacarmısınızsa, deməli, siz dəyərsiz deyilsiniz, məhz dəyər Sizsiniz!

Eldar KƏRİMOV / İrdan Jurnalı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İKİ NƏFƏS ARASINDAKI MÖCÜZƏVİ HƏYAT

İnsan “iki nəfəs” arasındakı ömrünü xeyirli və bərəkətli keçirməlidir. Bu iki nəfəsdən ilki dünyaya gələrkən ilk nəfəsimiz, ikincisi isə bu...

Bağla