Narkomaniya və fahişəlik əvvəlki illərdən fərqli olaraq təsir coğrafiyasını xeyli genişləndirib.
Bu sözləri millət vəkili Fazil Mustafa son günlər gündəmi zəbt edən videolarla bağlı danışarkən deyib. O, cəmiyyətdə baş verən belə proseslərin təhsilsizlikdən irəli gəldiyini bildirib:
“Çılpaq qızların videosu yayıldı, cəmiyyətdə keçici bir çalxalanma yaratdı, bunu tirajlayanlar qınağa və ya marağa tuş gəldi. İş elə gətirdi ki, bahalı maşınlarının nömrəsindən adamları tapmaq da çətin olmadı. Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı. Bu, Azərbaycanda sosial və digər şərtlərdən yaranmış acınacaqlı bir gerçəklikdir. Burada diqqət yetiriləsi əsas məqam budur ki, həmin videonu bütün personajları normal, orta və yaxud ali təhsil almayıblar. Fahişəsi də, iş adamı da savadsızdır, təhsilsizdir. Çünki normal təhsili olan insan ən azı öz kriminalının açılması üçün belə ipucu verməməlidir.
Eyni durum “Kazbek”i dolduranların klipinə də aid oluna bilər. Tam əminliklə söyləyirəm ki, oynayan qadınların kimliyini araşdırsanız, görərsiniz ki, onlar normal təhsil almamış insanlardır. Hansısa əxlaqsız əməllərin sahibi ola bilərlər, lakin təhsil və təlimi yerində olan ən azı öz təqdimatının bu cür bayağı formasını seçə bilməz”.
Millət vəkilinin sözlərinə görə, təhsil problemi vaxtında həllini tapmasa, gələcəkdə faciə videoları paylaşılacaq:
“İş burasındadır ki, idmançısı da, müğənnisi də, jurnalisti də, bələdiyyəçisi də, deputatı da lazımi keyfiyyətli təhsil mərhələsindən keçmədikdə büsbütün cəmiyyəti öz xəstəlik virusuna tabe etdirir. Hələ elm sferasında, pedaqoji arenada yüzlərlə qadına diplomun alisini peşkəş ediblər, əksər akademikin, professorun, böyük səlahiyyət sahiblərinin, pullu kimliklərin ailəsindən, qohum-əqrabasından bir çox insan ən azı fəlsəfə doktorudur. Məmurların əhəmiyyətli hissəsi normal təhsil almadan bir neçə ali təhsil diplomu daşımaqdadırlar. Sonradan bunların əziyyəti bütünlükdə cəmiyyətin üzərinə düşür. Təhsil, elm anlayışımızı dəyişməyincə, axırımız çox çətin olacaq. Hərdən məndən sonumuzun necə olacağını soruşanda öz-özümə gülümsəyirəm ki, nə qədər sadəlövh olasan ki, bu axarımızın elə axırımız olduğunu görməyəsən. Məktəbə qayıtmalıyıq. Məktəbdəki yaramaz müəllimləri təmizləyib layiqli müəllimləri yenidən dirçəldərək millətin baş tacına çevirə bilməsək, hamımızın videosunu deyil, ətini paylaşacaqlar. Ermənilər, ruslar, farslar, avropalılar, amerikalılar… 31 Martda, 20 Yanvarda, Xocalıda olduğu kimi…”
Qeyd edək ki, Fazil Mustafa bundan əvvəl son günlər sosial şəbəkələrdə trendə çevrilən “Kazbekə şey basım, fırlanım” mahnısına görə Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Deputat bu mahnının cinayət tərkibli olduğunu vurğulayıb.