İnsan daxilindəki mənfi və ya müsbət fikir və düşüncələrini dili vasitəsilə izhar edər. Bu səbəblə də dil Allahın insana bəxş etdiyi nemətlərdəndir. Çünki insan dili vasitəsilə sevgisini, ağrısını, xəstəliyini ifadə edir, insanlar arasını düzəldir, Quran oxuyur, Allahı zikr edir, dua edir, yaxşılıqları əmr edib pisliklərdən çəkindirir, elim öyrədir və elmi yayır və s. Beləliklə daxilindəki mənfi duyğuları dilinə çatmadan qorumağı bacaran insan Allah dərgahında böyük dəyər qazanar. Bu barədə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Kim mənə iki çənəsi və iki budu arasındakını qorumağa söz verərsə, mən də ona cənnəti söz verərəm“. (Buxari, Riqaq, 23). Başqa bir hədisində isə belə buyurmuşdur: “Allah buna görə – dilinə işarə edərək – əzab verər və ya bağışlayar“. (Müslim, Cənaiz, 12). Qeyd olunan hədisi-şəriflər dili qorumağın nə qədər böyük əhəmiyyətə malik olduğunu ifadə etməkdədir. Çünki dünyada hər nə qədər danışan dil olsa da axirətdə dil susacaq və digər orqanlar danışaraq tək-tək hesab verəcəklər. Uca Allah bu barədə belə buyurur: “Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər“. (Yasin, 36/65).
Qeyd olunanlardan belə bir nəticə ortaya çıxır ki, dil iki uclu bir silah kimidir. Bəzi insanlar dilin verdiyi zərərlər səbəbilə cəhənnəmə gedər, bəzi insanlar da dilin ətrafa yaydığı gözəlliklər səbəbilə cənnəti qazanar. Abdullah ibn Məsud (r.a) bu barədə necə də gözəl buyurmuşdur: “Ey dil! Yaxşılıqları danış ki, xeyir qazanasan, pislikləri danışma ki, peşmançılıq çəkməyəsən. Çünki mən Allah Rəsulunun (s.ə.s) belə dediyini eşitmişəm: Adəm övladının ən çox xətası dili ilə etdiyi xətalardır“. (Təbərani, “Möcəmül-kəbir”, X, 197). Bu səbəblə də insanın doğru istiqamət üzərə olması dilinin doğruluğuna bağlıdır deyilə bilər. (Əhməd ibn Hənbəl, “Müsnəd”, XX, 343).
Nəticə olaraq, dil insan üçün böyük bir nemət olmaqla bərabər düzgün istiqamət verilmədiyi təqdirdə insanın axirətinin əldən çıxmasına belə səbəb ola bilər. Bir iki hikmətli sözlə mövzunu yekunlaşdıraq.
“İnsanın kamilliyi dilindən çıxan sözü ilə ölçülər”.
“Dilin sənin qalandır. Əgər qalanı qoruyarsansa, o da səni qoruyar. Əgər qorumazsansa o da səni qorumaz”.
f.f.d. Səfa Muradov