DİN SƏMİMİYYƏTDİR!

0

            Uca Allah qullarından yalnız Özünə ibadət etməyi, ixlas və səmimiyyətlə bağlanmağı tələb edir. Bir ayədə Allah-Təala belə buyurur: Dini yalnız Ona məxsus edərək ibadət edin!(Əraf, 7/29). Müsəlmanlar İslamın əsas şərtlərindən biri olan namazı qılarkən hər rükətdə oxuduqları Fatihə surəsində: Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik(Fatihə, 1/4) deyərək hər gün bu səmimiyyəti dilləriylə ifadə edirlər. Hər gün təkrarlanan bu ayə insanın Allah qarşısında səmimi duruşu üçün bir həyat düstüruna çevrilir. Dil ilə başlayan bu sözlər nəhayət qəlbə yerləşir. Qəlbə yerləşdikdən sonra insan sevdiyi zaman yalnız Allah üçün sevməyə, qəzəbləndiyi zaman yalnız Allah üçün qəzəblənməyə başlayır. Allaha itaət edənə dost, üsyan edənə düşmən olur. Verdiyi hər bir nemətə görə şükr, qarşılaşdığı çətinliklərə səbr edir və.s Allah Rəsulu (s.ə.s) də bir hədisində buna diqqət çəkərək: “Din səmimiyyətdir!” – buyurur. (Buxari, İman, 42) Elə isə bir möminin imanda kamala çatması üçün dində səmimi olmasının önəmli olduğu anlaşılır. Bəs dində səmimiyyəti əldə etməyin yolu nədir?

            Dində səmimi olmağın ilk mərhələsi insanın niyyətidir. İnsanın niyyəti təmiz olarsa, onun atacağı hər addım doğruluq və səmimiyyət üzərə olar. Əks təqdirdə etdiyi heç bir əməli Allah qatında dəyər qazanmaz və axirətdə ona heç bir faydası toxunmaz. Allah Rəsulu (s.ə.s) bu həqiqəti: “Əməllər niyyətlərə görədir” – buyuyaraq bəyan etmişdir. (Buxari, “Bədul-vəhy”, 1)

            Səmimiyyətlə riyakarlığın bir yerdə olması qeyri-mümkündür. Riyakarlığın olduğu yerdə səmimiyyətdən söz gedə bilməz. Bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s): “Allah, içində zərrə qədər riyakarlıq olan heç bir əməli qəbul etməz” – buyuraraq buna diqqət çəkmişdir. (Qəzali, “İhya”, III, 294)

            Nəticə olaraq, insan Allah qarşısında səmimi olduğu qədər dəyərlidir. İçində səmimiyyətin olmadığı bir əməl insana axirətdə heç bir şey qazandırmaz. Elə isə əməllərimizin səmimi olmasının yolu Allah ilə aramızdakı bağlılığı gücləndirməkdən keçir.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GECƏ KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan...

Bağla