Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçiriləcək forumda müzakirə ediləcək mövzular açıqlanıb.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, tədbirin “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.
Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdiriləcək.
Dekabrın 22-də Forum iştirakçıları Fəxri xiyabanı, Heydər məscidini ziyarət edəcək, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olacaqlar.
Qeyd edək ki, forum dekabr ayının 23-də keçiriləcək.