DİNDAR, YOXSA MÜSƏLMAN?

0

İslam dini insan yaranandan bəri mövcuddur. Amma insanlar arasında bu haqda müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar elə bilir ki, İslam dini son peyğəmbərlə başlayıb. Bu fikir heç də doğru bir fikir deyildir. Çünki ilk insan olan Adəm (ə.s) həm də İslamın ilk peyğəmbəri olub. Qurani-Kərimdə son enən ayə olan Maidə surəsinin üçüncü ayəsində:“Sizin üçün din olaraq İslamiyyəti bəyəndim”,- buyurulması o demək deyil ki, öncə göndərilən peyğəmbərlərin dini İslam dini deyildi.

“İslam” – Allahın əmrinə təslim olmaq deməkdir və bütün dinlərin özəyi, bütün peyğəmbərlərin təbliği də elə bundan ibarət olub. Bəzən xalq arasında dırnaqarası ziyalılar peyda olaraq məlumatı olmadığı halda İslam haqqında fikirlər bəyan etməkdən çəkinmirlər. Bunlar arasında “İsa xristianların, Musa da yəhudilərin peyğəmbəridir”,- deyə sözlərinə başlayıb insanlara həqiqi dinlə heç əlaqəsi olmayan məsələlərdən bəhs edənlər də az deyil. Bir də ki, xalq arasında insanları dindar – dinsiz deyə iki yerə ayıran dünyəvi insanlar İslamın əmrlərinə sayğıyla yanaşıb əməl etməyə çalışanları cəmiyyətdən təcrid etməyə çalışırlar. Halbukiİslam insanın ayrılmaz hissəsidir. İnsan ya müsəlman olar ya da qeyri-müsəlman. Müsəlman olub İslamın əmrlərini əlindən gəldiyi qədər yerinə yetirən kəslər mömin, İslamın əmrlərinə riayət etməyənlər isə tənbəl və ya günahkar müsəlman sayılır. Yəni insanları dindar və qeyri dindar adlandırmaq heç də doğru bir ifadə deyildir. Onu dinin içinə daxil etmək və ya dindən xaric tutmaq bizim ixtiyarımızda deyildir. Tarixə nəzər saldığımız zaman görürük ki, İslama həqiqi mənada bağlananlar istər dövlətçilikdə, istərsə də elm sahəsində çox mükəmməl nəticələr ortaya qoya biliblər. Ona görə də avropa əsrlərdən bəri planladığı İslamsız insan layihəsini cəmiyyətə qəbul etdirməyə çalışır. Bu çalışmlarından təəssüf ki, müsbət nəticə əldə edib.

Gəlin İslama tərəfsiz olaraq yanaşaq, nə deyir İslam dini:

Öz rifahı üçün başqa millətləri əzib talan eləməyimi?

İnsanları qruplara ayırıb bir-biri ilə vuruşdurmağımı?

İnsanları geyiminə, saç-saqqalına baxaraq mühakimə etməyimi?

Əlbəttə ki, xeyr!

İslam, müharibə şəraitində belə əsgərlərinə: qocalara, qadınlara, uşaqlara, xəstələrə, ağaclara, heyvanlara…, toxunmamağı tapşıran Peyğəmbərin dinidir.

İslam, bir qarışqanı belə incitməmək üçün kənardan baxanda dəli kimi yeridiyini zənn edəcəyimiz Hz. Əbubəkrin dinidir.

İslam, hakimiyyəti olduğu torpaqlarda bir qurdun bir quzuya zərər verməsindən özünü məsul tutan Hz. Ömərin dinidir.

İslam, ədəb və həyası səbəbi ilə nəinki peyğəmbərin hətta mələklərin belə həya etdiyi Hz. Osmanın dinidir.

İslam, Allah qorxusundan namazdaykən nəinki dünyanı, hətta bədənini belə unudub batmış oxun necə çıxarıldığından xəbəri olmayan Hz. Əlinin dinidir.

Hazırda İslamvə müsəlmanlar üzərində oynanan oyunlar əsrlər əvvəldən planlanıb həyata keçirilən oyunlardır. İslam və müsəlmanı gözdən salmaq üçün keçmiş SSRİ məkanında dini sadəcə dəfn adətlərindən ibarət kimi göstərməyə çalışdılar. Elə ona görə də sovet dövründə yaşamış bütün müsəlman kimliyi daşıyan insanlarımızın düşüncəsində din – mollaların və ölülərin dini olaraq qalmışdır. Namaz mollaların və qocaların heç bir işə taqəti çatmayan vaxtı gördükləri iş olaraq qəbul edilir. Əgər bir gənc və ya orta yaşlı  biri namaz qılarsa ya molladır ya da ki, “terrorist”. Alnını, yəni nəfsini Allahın qarşısında ayaqlar altına sərən ixlas sahibi bir insan necə olar ki, günahsız bir cana qıysın. Terrorun dini, irqi, milləti və şəxsiyyəti yoxdur. Görün hansı vəziyyətə gəlmişik ki, namaz qılan, quran oxuyan və ya başı örtüklü olana utanılacaq iş görürmüş kimi  baxılır; zina edən, içki içən, qumar oynayan milli, dini ədəb-əxlaqa yaraşmayan formada həddən artıq açıq-saçıq geyinərək cəmiyyət içərisinə çıxana normal baxılır. Hətta elə vəziyyət alınıb ki, İslamdan başqa dini seçib, yaşayıb ölənlərin beləİslam adəti ilə basdırılmağına normal baxılır.

Xristian, yəhudi, buddist və sairə din mənsubunun qadını başı örtüklü, kişisi saqqallı olarsa müasirlikdir, amma müsəlman belə olarsa təhlükəli olur. Belə düşüncəsizlik olarmı? Namaz qılmaq qadağandır, amma qumar oynamaq lotereya, zina etmək, eşqbazlıq, açıq-saçıq gəzmək mədəniyyət? Bu fikirləri həyata keçirənlər isə öləndə İslam dininin mollaları tərəfindən İslam adət-ənənəsinə əsasən yuyulur və dəfn edilir. Bu qədər təzadlarla üz-üzə qalan gənclərimiz müstəqil seçim edərkən çətinlik çəkdikləri üçün və eyni zamanda cəmiyyət tərəfindən də ağır təzyiqlərlə üzləşdiyi üçün bəzi radikal fikirli qruplar tərəfindən ovlanaraq yetişdirilə, dinimiz və vətənimiz üçün təhlükə mənbəyinə çevrilə bilirlər. Bu kimi halların səbəbkarı İslamdır, yoxsa İslamın cəmiyyətdə düzgün anlaşılmayıb lazımınca qiymətləndirilməməsi?

AKİF HÜSEYNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
VİTR NAMAZI HAQQINDA BİLMƏDİKLƏRİNİZ

Məlumdur ki, vitr namazı özünəməxsus bir sıra xüsusiyyətləri ilə digər namaz ibadətləri arasında fərqlənir.

Bağla