DİNİ KOMİTƏNİN SƏDRİ İSTANBUL MÜFTİSİ İLƏ GÖRÜŞÜB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyəyə səfəri çərçivəsində İstanbul müftisi ilə görüşüb.

Bildirilib ki, mayın 30-da nümayəndə heyəti İstanbul müftisi Safi Arpaquş ilə görüşüb. Görüşdə Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı, xalqımızın bu gün də tolerantlıq və multikulturalizm ənənələrini qoruduğu, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə mühüm töhfələr verdiyi vurğulanıb. Azərbaycan və Türkiyə prezidentlərinin siyasəti bütün sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə qurulması üçün etibarlı zəmin yaradır.

Sonra nümayəndə heyəti Zeynəbiyə məscidi və Mədəniyyət Mərkəzində olub. Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz nümayəndə heyətinə Türkiyə Cəfəri İcması, eləcə də Zeynəbiyə məscidi və Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

R.Məmmədov öz növbəsində Azərbaycanın zəngin milli-tarixi ənənəyə əsaslanan və beynəlxalq hüquqi normalarla tənzimlənən dövlət-din münasibətləri, yüksək tolerantlıq mühiti haqqında danışıb. Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, o cümlədən, dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti İstanbul 29 May Universitetini də ziyarət edib. Ali təhsil müəssisəsinin rektoru Mustafa Sinanoğlu Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Nümayəndə heyətinin İslam Araşdırmaları Mərkəzinin rəhbəri Murtəza Bədirlə keçirdiyi görüşdə isə din xadimlərinin yetişdirilməsi, İslam dini, eləcə də İslamın tarixi, sivilizasiyalararası münasibətlərdə rolu ilə bağlı elmi araşdırmaların əhəmiyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA TOZLU HAVA ŞƏRAİTİ DAVAM EDİR

Bakı və Abşeron yarımadasında tozlu hava davam edir və tozun miqdarı normadan 2 dəfə çoxdur. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi...

Bağla