Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşrlərindən ibarət kitab sərgisi keçirilib.
Sərgidə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib ki, sərgidə 200 adda ədəbiyyat nümayiş olunur. Diqqətə çatdırıb ki, nəşrlər milli-mənəvi dəyərlərimizin, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, eləcə də dini radikalizmə qarşı mübarizə məqsədilə nəşr edilir.
N.Məmmədov qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2018-ci ilə kimi ümumi tirajı 500 mindən artıq kitab nəşr edib. Məqsəd dini sahədə vətəndaşların maarifləndirilməsidir. Bu kitablar ali və orta məktəblərə o, cümlədən ictimaiyyətin digər nümayəndələrinə paylanılıb. Dini radikalizmə qarşı mübarizə istiqamətində nəşr olunan bu ədəbiyyatlarda xurafatın mənfi cəhətləri və cəmiyyətə vurduğu ziyanlar, yaratdığı problemlər, onun cəmiyyətdə elmi geriliyə, kütləvi savadsızlığa, milli özünüdərk probleminin ləngiməsinə səbəb olmasından danışılır.
Komitə rəsmisi vurğulayıb ki, müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə də tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək bütün dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Bu məqsədlə Dövlət Komitəsi tərəfindən tolerant və multikultural ənənələrindən bəhs olunan ədəbiyyatlar nəşr edilib. Nəşrlərdə Azərbaycan Prezidentinin dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamları, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətləri, müqəddəs dini məkanlara etdiyi səfərləri, bayram və əlamətdar hadisələrlə bağlı dini konfessiya rəhbərlərinə ünvanladığı təbrikləri toplanıb.
Bundan başqa bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.
Dövlət Komitəsi işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb. Beynəlxalq konfranslarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin – məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib. Eyni zamanda, konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb.
Sonra iştirakçılar sərgidə nümayiş etdirilən kitablarla tanış olublar.