Noyabrın 7-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri mövzunun əhəmiyyətini vurğulayaraq, gəncləri radikal dini cərəyanların qurbanına çevrilməkdən qorumağın, onları vətənpərvər ruhda tərbiyə etməyin zəruriliyindən danışıb. O bildirib ki, şəxsi heyətin vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksək səviyyədədir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, müasir dünyada dini radikalizm, onun fəsadı olan ekstremizm və terrorizm nəticəsində milyonlarla insan ya öldürülüb, ya da öz doğma vətənindən didərgin düşüb. O, təəssüflə qeyd edib ki, son zamanlar dünyada dini zəmində baş verən terrorun əksəriyyəti İslam dini pərdəsi altında gizlənən, lakin İslamla heç bir əlaqəsi olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir.
Dünyada baş verən bu cür neqativ hadisələrin fonunda tolerantlıq və multikulturalizm mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkən S.Salahlı söyləyib ki, bu baxımdan ölkəmiz dünya üçün bir nümunədir: “Azərbaycanda tarixən müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgə yaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də davam edir. Ölkəmizdə dini etiqad azadlığı tam təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər”.
Azərbaycanda belə bir mühitin mövcud olmasında cəmiyyətdə formalaşmış dini dözümlülük, tolerantlıq və multikultural dəyərlərlə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir. Təbii ki, digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Salahlı onu da vurğulayıb ki, ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən biri dini radikalizmdir. O, dini radikalizmin yaranma səbəblərindən biri kimi İslam dini haqqında məlumatsızlıq və düzgün təqdim olunmamasını göstərib.
Dini radikalizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan sədr müavini qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində dövlət siyasəti həyata keçirilir. Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun, eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu siyasətin bariz nümunəsidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair 2018-ci ilin yanvar-dekabr ayları üçün Tədbirlər Planına əsasən keçirilib.