Tövhid inancı İslam dininin əsasını təşkil edir. Bu inancın qəlbdə qüvvətlənməsi üçün müəyyən vasitələrə ehtiyac vardır. Bu vasitələrin başında namaz ibadəti gəlir. Namaz İslam binasının ayaq üstə sağlam dayana bilməsi üçün çox zəruri bir ibadətdir. Namazdan qafil qalan bir insan İslam binasını zədələmiş olar. Çünki “Namaz dinin dirəyidir” (Tirmizi, İman, 8). Dirəyin zədələnməsi ürəyin (qəlbin) də zədələnməsi deməkdir.
Namaz insana günahlardan təmizlənmə və qorunmaq imkanı verir. İnsanı həyatın müxtəlif sıxıntılarından qoruyur. Namaz insana ciddiyət və iradə qazandırır. Dan yeri qızarandan qalxıb həyatını təmin etmək üçün məişət qayğılarına dalan insan, küçədə, bazarda, iş yerində çalışarkən həyatın min bir halları ilə qarşılaşır. Nəfs və şeytan da onu daim təqib edərək Allahın yasaq etdiklərinə və günaha yönəldir. İnsan iradəcə çox zəifdir. Harama, günaha, Allahın yasaq etdiklərinə tez yönəlir. Çalıb-çapmaq, döyüb-öldürmək, qəlb sındırmaq, pis söz söyləmək, haram qazanc dalınca qaçmaq və bu kimi pisliklərdən insanı namaz qoruyur. Sabah namazında Allahın hüzurunda duran insan imanını təzələmiş olur. Görəcəyi işlərdə qüsura yol verməyəcəyinə dair Allaha söz verərək evdən çıxır, gün ərzində gördüyü işlərdə Allahına verdiyi sözü xatırlayaraq günaha batmaqdan özünü qoruyur. Nəfsin və şeytanın təsiri qarşısında iradə gücü zəifləyəndə imdadına günorta namazı yetişir və ona Allahın qulu olduğunu xatırladaraq Allahın hüzuruna çağırır. Beləliklə Allahla bəndə arasında yenə bir iman əlaqəsi qurulmuş olur. Mömin yeni bir iradə gücü ilə nəfsinə və şeytana qarşı durur. Bu minvalla namaz mömini gün boyu günahlardan qoruyur. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ya Rəsulum! Qurandan sənə vəhiy olunanı oxu və namaz qıl. Həqiqətən namaz insanı çirkin və pis əməllərdən qoruyur.” (Ənkəbut 29/45).
Namaz mənəvi təmizliyin əsası olmaqla yanaşı eyni zamanda maddi təmizliyin də ən gözəl vasitəsidir. Çünki namaz qılan mömin daim bədənini təmiz saxlamalı və gündə beş dəfə dəstəmaz almaqla yanaşı eyni zamanda paltarını və namaz qılacağı yeri də təmiz saxlamalıdır ki, bu da insanın hər gün beş dəfə bədən təmizliyinə riayət etməsinə səbəb olur. Bundan əlavə namazın günün müxtəlif vaxtlarında qılınması iki namaz arasında işlənmiş xəta və günah çirklərindən təmizlənməyə və günahların əfv edilməsinə vasitədir.
Son olaraq, namaz ibadəti Uca Allahın hər kəsə nəsib etmədiyi ülvi bir ibadətdir. Bu ibadəti yalnız Rəbbinə layiq olduğu şəkildə təzim etməyi bacaran insanlar yerinə yetirə bilir. Bu səbəblə də Uca Allah Quranda namaz ibadətinin Allaha itaət edənlərdən başqasına ağır gələn bir ibadət olduğunu buyurmuşdur (Bəqərə, 2/45).
f.f.d Səfa Muradov