Əbu Zər, eşitdiyi bir hədisi belə rəvayət edir: “Harada olmanızdan asılı olmayaraq Allahdan (onun qanunlarını pozmaqdan) çəkinin, pis əməlin arxasınca yaxşı əməl görün ki, onu silsin. Eləcə də, insanlarla gözəl rəfdar edin” (Tirmizi, Birr, 55). Bu hədisdə əmr edilən “insanlarla gözəl rəfdar edin” əmrinə “doğru olmaq” və “sədaqət göstərmək” məsələsini də daxil edə bilərik. “Doğruluqdan ayrılmayın” deyən Peyğəmbər aleyhissalam əfəndimiz bunun səbəbini də açıqlayaraq, doğruluğun yaxşılığa, yaxşılığın da cənnətə apardığını bəyan edir (Təbərani, əl-Mucəmul-Kəbir, 894). Eyni hədəsin davamında isə, yalançılığın pisliyə, pisliyin də cəhənnəmə açılan bir yol olduğu vurğulanır. Əmanətə və sədaqətə riayət edən insanlar axirət günündə ali mərtəbələrə nail olacaqlar. Sədaqətli və əmin tacirlərin axirətdə peyğəmbərlərlə, şəhid və sıddıq (doğruluğu təsdiqlənən) kimsələrlə birlikdə olacaqları müjdəsini verən Allahın elçisi (Tirmizi, Buyu, 4), “təhlükəli (çətin) olsa da axtarın və doğruluğu tapın, ondan ayrılmayın, çünki qurtuluş doğruluqdadır” buyurur (İbn-i Əbid-Dünya, 449).
Abdullah bin Amir rəvayət edir ki, bir gün anası onu: – “gəl sənə bir şey verəcəyəm” deyə çağırarkən, Peyğəmbər aleyhissalam bunu eşidib və anama müraciət edərək: – “sən ona nə verəcəksən” deyə soruşub. -“Ona xurma vermək istəyirəm” deyən anama, Allahın Elçisi: – “Əğər heçnə verməsəydin, sənə bir günah yazılardı” deyə xəbərdarlıq edib (Əbu Davud, Ədəb, 88). Demək ki, uşağı aldadaraq “gəl sənə bir şey verəcəyəm” demək bir yalan sayılır və əməl dəftərinə bu səbəblə bir günah yazılır (Əhməd ibn Hənbəl, 452).
İnsanları güldürmək məqsədilə yalan danışmaq da olmaz (Tirmizi, Zühd, 10). Malını satmaq üçün yalan danışan, malını tərifləyib olduğundan daha yaxşı göstərərək insanları aldadan insanlarla axirət günündə Allahın danışmayacağını bildirir Allahın Elçisi (Buxari, Əhkam, 48). Şübhəli şeylerdən çəkinmək, qəlbin rahatlıq tapdığı işlərlə məşğul olmaq, dili, qəlbi və zehni şühbəli şeylərdən uzaq saxlamaq əmr olunmuşdur (Tirmizi, Qiyamət, 60). Bir insanda dörd xüsusiyyət varsa, o insan bu dünyada itirdiklərinə heyfislənməməlidir. Bu xislətlər; Əmanətə sahib çıxmaq, doğru sözlü olmaq, yaxşı əxlaq yiyəsi olmaq və halal riziq yeməkdir (İbn Hənbəl, 177). Allah Qurani Kərimdə, doğruluq ilə əlaqəli bir çox ayət endirmişdir. Maidə surəsi 119-cu ayədə Rəbbimiz belə buyurur: “Bu gün (qiyamət günü) sadiq insanlara doğruluqları fayda verəcəkdir”. Deməli, sadiq insanlar, sədaqət sahibi insanlar bu dünyadakı doğruluğun bəhrəsini axirət günü əksiksiz görəcəklər. Dinimiz hər daim insanları doğruluğa, əhdə vəfaya, əmanətə riayət etməyə çağırır.
Rəşad Manafov