DOĞRULUQ VƏ İSTİQAMƏT

0

Doğruluq, insan oğlunu insanlıq səviyyəsinə qaldıran, onu izzət, şərəf, iffət, heysiyyət və vüqar sahibi edən, cəmiyyət fərdləri arasında qardaşlıq, dostluq, sevgi, şəfqət və mərhəmət kimi gözəl keyfiyyətlər meydana gətirən yüksək bir məziyyətdir. Doğruluq bütün inancların, sözlərin və əməllərin ruhudur. Buna görə də İslam dini müsəlmanlardan bütün hallarda doğru və dürüstlük tələb edir. Uca Allahın Peyğəmbərimizə (s.ə.s) xitabən: “(Ey Həbibim!) Əmr olunduğun kimi doğru (yolda) ol!” – buyurması (Hud 11/112) dinimizin doğruluğa verdiyi əhəmiyyətin sübutudur.

Doğruluq və istiqamətdə qəlbin və dilin dürüstlüyü çox əhəmiyyətlidir. Çünki qəlb bədən ölkəsindəki bütün orqanların başçısıdır. Allaha iman edib doğruluğu mənimsəyən bir qəlb başqa orqanlara da öz təsirini göstərər. Dil isə ürəyin tərcüməçisidir. Onun da doğruluğu və ya əyriliyi başqa orqanlara təsir göstərir. Odur ki, Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Hər səhər bütün orqanlar dilə xitab edərək bizim haqqımızda Allahdan qorx. Biz sənin söyləyəcəklərinə görə cəzalandırılırıq. Biz sənə bağlıyıq, əgər sən doğru olsan biz də doğru olarıq. Əgər sən əyilib yoldan çıxsan biz də sənin kimi olarıq – deyirlər”. (Tirmizi, Zöhd, 61). Bu hədis doğru danışmağın nə dərəcədə əhəmiyyət kəsb etdiyini göstərir. Hətta başqa bir hədisdə Rəsulullah (s.ə.s) belə buyurur: “Qəlbi doğru olmasa, qulun imanı doğru olmaz. Dili doğru olmasa qəlbi doğru olmaz”. (Əhməd ibn Hənbəl, “Müsnəd”, III, 198). Belə olduğu halda hər bir insan özüylə, sözüylə, qəlbiylə, diliylə doğru-dürüst olmağa çalışmalıdır. Rəsulullahın (s.ə.s): “Allaha inandım de, sonra da doğru-dürüst ol!” (Müslim, İman 62) tövsiyəsinin mənası da elə budur ki, İslam da bundan ibarətdir.

Allaha iman, yəni tövhid və doğruluq, İslam dininin təbliğində iki təməl ünsür olduğu üçün bunların izahı da İslami əsaslara söykənməlidir. Başqa düşüncə və sistemlərə bu sahədə qətiyyən etibar edilə bilməz. Hər şeydən əvvəl doğruluq (istiqamət) saf bir tövhid inancına söykənməlidir. Təməlində tövhid inancı olmayan istiqamətdən söz açmağa belə dəyməz. Çünki həyata istiqamət verən Allahın birlik inancıdır. Onu da qeyd etmək lazımdır ki, tövhid inancına sahib olan hər kəs haqqında: “Doğru-dürüst bir həyata sahibdir” demək olmaz. Çünki doğruluq tövhidin zəruri nəticəsi deyil, əksinə, tövhid, doğruluğun ən vacib ilk şərtidir.

f.f.d Səfa Muradov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏCC İZNİ OLMADAN MÜQƏDDƏS YERLƏRƏ GİRƏNLƏR CƏRİMƏ OLUNACAQ

Həcc ibadəti üçün icazə portalında qeydiyyatdan keçmədən Məkkə şəhərindəki müqəddəs yerlərə girməyə cəhd edənlər cərimə olunacaq. Bu barədə Səudiyyə Ərəbistanı...

Bağla