Ölkəmizdə məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da mövcuddur, müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir, İslam və qeyri-islam dini icmalarına dövlət tərəfindən mütəmadi olaraq maddi yardım ayrılır.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 8-də Rumıniya səfiri Vasile Soare ilə görüşdə bildirib.
Azərbaycanın müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra azad olunmuş torpaqlarımızda ermənilərin vandalizmə məruz qoyduqları tarixi-dini abidələrimizin bərpası və yenidən qurulması prosesi barədə səfiri məlumatlandıran Mübariz Qurbanlı Azərbaycan dövlətinin İslam abidələri ilə yanaşı, qeyri-islam abidələrinin də bərpasına eyni həssaslıqla yanaşdığını bildirib.
Azərbaycanın tolerantlıq, multikulturalizm, milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına görə dünyada nümunə ola biləcək ölkələrdən biri olduğunu deyən Komitə sədri ölkələrimizin tolerant və multikultural dəyərlərə verdiyi önəm baxımından da oxşar olduğunu vurğulayıb.
Vasile Soaren öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib, xüsusilə Ermənistanın təcavüzkarlığına qarşı Azərbaycanın haqlı mövqeyinin, həmçinin ərazi bütövlüyünün Rumıniya tərəfindən daima beynəlxalq təşkilatlarda və ikitərəfli münasibətlərdə dəstəkləndiyini məmnunluqla ifadə edib. Azərbaycanın ən böyük uğura imza ataraq torpaqlarını işğaldan azad etməsinin mühüm hadisə olduğunu bildirib.
Səfir ölkəmizin mühüm beynəlxalq layihələri reallaşdırması, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına yönəlik tədbirlərə ev sahibliyi etməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Diplomat Azərbaycan və Rumıniyanın dost ölkələr olduğunu qeyd edib və səfir kimi fəaliyyətində iki ölkə arasında mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda dini sahədə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizin tolerant və multikultural mühitindən bəhs edən kitablar hədiyyə edilib.
Apa