Dua qurtuluşun vəsiləsi, arzulara çatmağın yoludur. Dua saleh insanların Allah ilə söhbəti, məzlum insanların sığınacağıdır. Dua ilə Allahdan nemətləri istənər və əzabdan Allaha sığınılar. Bu baxımdan duaya insanların böyük ehtiyacı vardır. Müsəlman heç bir halda duadan qafil qala bilməz. Çünki dua ən əsas Rəbbin hüzurunda bəndənin qul olduğunun fərqində olması və Rəbbinə möhtac olduğunu bilməsidir. Uca Allah bu barədə belə buyurur: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə) möhtac deyildir“. (Fatir, 35/15). Uca Allah insandan Özünə dua etməsini və onun dualarını qəbul edəcəyini buyurmuşdur. (Mömin, 40/60). Bundan əlavə Uca Allah insanın Rəbbi hüzurunda duaları vasitəsilə dəyər qazandığını və duası olmayan bir insana Allahın dəyər vermədiyini bildirmişdir. (Furqan, 25/77).
Rəsulullah (s.ə.s) də duanın çox əhəmiyyətli bir ibadət olduğuna diqqət çəkərək belə buyurmuşdur: “Dua ibadətdir“. (Tirmizi, Dəavat, 1). Dua, insanın Allaha qul olduğunu əks etdirən ən önəmli ibadətlərdəndir. Çünki dua, qulun Rəbbini tanıyaraq Onun ucalığı, gücü-qüvvəti və qüdrəti qarşısında öz acizliyini etiraf etməsi, dərin bir sevgi ilə Ona bağlanaraq yalnız Ondan mədəd ummasının adıdır. Bu səbəblədir ki, Rəsulullah (s.ə.s) duanı “ibadətin özəyi” olaraq tərif etmiş və Allaha qulluğu ən gözəl şəkildə ifadən edən hal və davranışın dua olduğunu bildirmişdir.
Allah Rəsulu (s.ə.s) bir hədisində duanın möminin silahı olduğuna da diqqət çəkərək belə buyurmuşdur: “Dua möminin silahı, dinin dirəyi, göylərin və yerin nurudur“. (Hakim, “Müstədrək”, I, 669). Bu hədis sənəd baxımından tənqid olunsa da məna baxımından səhih hədislərlə üst-üstə düşməkdədir. Həqiqətən də dua inanc sahibi insanların ən böyük silahıdır deyilə bilər. Çünki heç bir gücə sahib olmayan insan sonsuz güc və qüvvət sahibi olan Allaha sığınmaqla bir çox təhlükələrdən, bir çox sıxıntılardan bu silahı vasitəsilə qorunmuş olur. Dua silahıyla silahlananlar əslində ən güclü silaha sahib olarlar. Lakin buda bir həqiqətdir ki, Uca Allah insanlara bu fürsəti bəxş etdiyi halda bir çox insan bu imkandan özlərini məhrum etməkdə və Allaha layiq olduğu kimi dua və ibadət etməməkdədirlər. Allaha dua etmək insana dəyər qazandırdığı qədər dua etməmək də insanı bir o qədər Allahın nəzərindən salar. Çünki Uca Allah: “Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər“, – buyurmuşdur. (Mömin, 40/60.
f.f.d. Səfa Muradov