Ərəb dilində hərfi mənası “yalvarmaq, səslənmək, dəvət etmək” olan “دُعَاء / Dua” kəlməsi Qurani-Kərimin müxtəlif ayələrində “Allaha ibadət etmək, yalvarmaq, arzu və istəkləri Allaha bəyan edərək yardımını istəmək, köməyə çağırmaq” kimi mənalarda işlədilmişdir. Bir sözlə “dua” səmimi-qəlbdən Allaha yönələrək maddi və mənəvi istəklərimizi Ona deməyimiz və Ona niyaz etməyimizdir. Başqa sözlə “dua” aciz və fani varlıqlar olan biz insanlar ilə hər şeyə qadir və əbədi olan Rəbb arasındakı körpüdür. Peyğəmbərimiz (s.ə.s): “Dua möminin silahıdır!”[1] – buyuraraq bu körpüdən istifadə etməyimizi və bu qoruyucu silahdan hər zaman istifadə etməyimizi tövsiyə edir. Eyni zamandə Allah-Təala bir ayeyi-kərimədə: “Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim!”[2] – buyuraraq bizləri duaya təşviq edir.
Dua eyni zamanda zikr və ibadətdir. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.s): “İbadətin məğzi duadır!”[3] – deyə buyurmuşdur. Buna görə də bəzi ayələrdə ən mühüm ibadət olan namaz da məhz “dua” kəlməsi ilə ifadə olunmuşdur.[4] Eyni zamanda namaz mənasında işlədilən “səlat” kəlməsinin əsli də “dua etmək” deməkdir.
Bir mömin olaraq dara düşdüyümüz zaman Allaha yalvarıb dua etdiyimiz kimi, qulluq borcu olaraq əmin-amanlıqda da ibadət və dua ilə Rəbbimizi yad etməliyik. Unutmamalıyıq ki, dua və ibadətə ehityacı olan bizlərik. Buna görə də Uca Allah: De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin!”[5] – buyurur. “Səməd” ismi ilə tövsif olunan Allahıh heç bir şeyə ehtiyacı olmadığı kimi, bizim ibadətimizə də ehtiyacı yoxdur. Bir qüdsi hədisdə qeyd olunduğuna görə Uca Allah belə buyurmuşdur: “Ey bəndələrim! Siz mənə zərər verə bilmə dərəcəsinə gələ bilməyəcəyinizə görə əsla Mənə zərər verə bilməzsiniz! Mənə fayda verə bilmə dərəcəsinə gələ bilməyəcəyinizə görə də əsla Mənə fayda verə bilməzsiniz!”[6]
Elə isə hər bir mömin darda da, əmin-amanlıqda da Rəbbi ilə arasındakı dua körpüsündən daim istifadə etməli və Rəbbi ilə olan əlaqəsini kəsməməlidir. Çünki dua biz möminlərin bütün həyatını əhatə edən aramsız bir qulluqdur.
[1] Hakim, Müstədrək, I/492.
[2] Ğafir, 40/60.
[3] Tirmizi, “Dəavat”, 1.
[4] Bax: Ənam, 6/52; Kəhf, 18/28.
[5] Fürqan, 25/77.
[6] Müslim, “Birr”, 55.