DUANIN FƏZİLƏTİ VƏ ƏDƏB QAYDALARI NƏLƏRDİR?

0

Duanın Fəziləti

Allah-Təala buyurur:

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (əl-Bəqərə, 186)

“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf, 55)

“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (əl-Mumin, 60)

“(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur.” (əl-İsra, 110)

Həzrət Peyğəmbər buyurur:

“Dua ibadətin iliyidir.” (Tirmizi, Hakim) Bu kəlamdan sonra Rəsulullah yuxarıda qeyd etdiyimiz ayəni oxudu. (Mumin surəsi, 60-cı ayə)

Əbu Hüreyrə rəvayət edir: Peyğəmbər (s.ə.s.) buyurdu: “Əziz və Cəlil Allah qatında duadan daha qiymətli bir şey yoxdur.” (Tirmizi, İbn Macə)

Əbu Zər (r.a) belə demişdir: “Yaxşı işlərin ardından olunan duaların yeməyə qatılan duz qədər olması kifayətdir.”

Duanın Ədəb Qaydaları

Duanın ədəbi ondur:

1. Dua edən edəcəyi dua üçün ilin ərəfə gününü, aylardan Ramazan ayını, həftənin cümə günlərini, gecənin də səhərə yaxın olan vaxtlarını seçməlidir. Bir ayədə belə buyurulur: “Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (əz-Zariyat, 18)

 2. Dua edən Allah yolunda  hərb edən orduların hücum anını, yağışın yağdığı zamanı, fərz namazların qılınmağa başlandığı, imamın arxasında namaza durduğu və azanla iqamə arasındakı vaxtları, bir də səcdə anını fürsət bilməlidir. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Azanla iqamə arasında olunan dua rədd olunmaz.” (Əbu Davud, Nəasi, Tirmizi) Rəsulullah (s.ə.s) başqa bir hədisində belə buyurmuşdur: “Oruc tutanın duası rədd olunmaz.” (Tirmizi, İbn Macə)

Əslində vaxt və zamanların dəyəri insanların halı ilə mütənasibdir. Məsələn, səhərə yaxın olan vaxt qəlbin təmiz olduğu, bulanıq və qarışıq şeylərdən arınıb paklandığı vaxtdır. Ərəfə və cümə günləri isə Allahın rəhmətinin yağması üçün düşüncələrin bir nöqtədə toplandığı və könüllərin bir-birləri ilə yardımlaşdıqları vaxtlardır. Bunlar insanın sirr və hikmətlərini bilmədiyi şərəfli vaxtların şərəf nöqtələrindən bir neçəsidir.

3. Qibləyə tərəf çevrilib dua edilməlidir. Cabir ibn Abdullah nəql edir ki, “Peyğəmbər (s.ə.s) Ərəfatda vəqfə məhəllinəgetdi, qibləyə yönəldi və günəş batana qədər dua etdi.” (Müslüm)

4. Səslə pıçıltı arasında bir səslə dua etməlidir. Çünki bir ayədə belə buyurulmuşdur: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin.” (ət-Əraf, 55)

5. Duada göstəriş niyyəti daşıyan ədəbi cümlələr qurulmamalıdır. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “Duada həddi aşacaq bəzi insanlar peyda olacaqdır.” (Əbu Davud, İbn Macə) Alimlərdən biri isə belə demişdir: “Yazıqlıq və möhtaclıq diliylə dua et, fəsahət və bəlağət diliylə deyil.” Lakin göstəriş niyyəti daşımırsa və qulun Allaha möhtaclığını özündə əks etdirirsə bu cür cümlələr (ədəbi cümlələr) qurmada heç bir qadağa yoxdur.

6. Yalvarırcasına, xüşu, ümid və narahatçılıq hissləri ilə dua edilməlidir.

7. Duaya qəti şəkildə inanmalı, duanın qəbul ediləcəyindən əmin olmalı və duada səmimi olmalıdır. Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Sizdən biri dua edərkən: Allahım! İstəyirsən məni bağışla! İstəyirsənsə mənə mərhəmət elə-deyə dua etməsin. Əzm və qətiyyətlə: Ya Rəbb! Məni əfv et, mənə mərhəmət et -deyə yalvarsın. Çünki Allahı məcbur edə biləcək heç bir güc yoxdur.”(Buxari, Müslim)

8. Duada israr edilməlidir. Dua edən duasını üç dəfə təkrarlamalıdır. Abdullah bin Məsud (r.a) deyir: “Peyğəmbər (s.ə.s)  dua etdikdə duasını üç dəfə təkrarlayar, istədikdə də üç dəfə istəyərdi.” (Müslim)

9. Duaya Allahı anaraq başlamalı, əvvəlcə öz istəklərinə yer verməməlidir.

10. Batini ədəbdir. Bu, duanın qəbulu üçün əsasdır. Günahlardan tövbə etmək, hər kəsə haqqını vermək, həqiqi niyyətlə Allaha dönmək kimi davranışlar batini ədəbi meydana gətirən ünsürlərdir.

MEHMAN İSMAYILOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DƏRVİŞİN MƏQAMI

Gəmidə bir dərviş vardı, əsl ərənlərdən idi. Səyahət əsnasında bir kisə qızıl itdi, orada olan hər kəsi axtararkən, bir nəfər...

Bağla